Vaşinqtondakı təxribatın sifarişçiləri kimlərdir?backend

Vaşinqtondakı təxribatın sifarişçiləri kimlərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan dövlət rəhbərliyinə qarşı bir qrup radikal ünsür tərəfindən təxribat xarakterli hərəkətlərə cəhd göstərilib.

Belə ki, onlar dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıblar.

Lakin Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları və Vaşinqton polisi operativ şəkildə müdaxilə edərək vəziyyəti nəzarət altına alıblar.

İnsident nəticəsində ciddi pozuntu qeydə alınmasa da, sosial şəbəkələrdə yayılan videogörüntülərdə radikal qrup üzvlərinin açıq şəkildə nalayiq ifadələr işlətdiyi eşidilir.

Vaşinqtonda baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycanla bağlı məsələlər bəzi dairələr tərəfindən məqsədi şəkildə siyasiləşdirilir və beynəlxalq platformalarda ölkəmizin imicinə zərbə vurmaq cəhdləri davam etdirilir. Xüsusilə böyük beynəlxalq tədbirlərin keçirildiyi dövrlərdə bu cür aksiyaların təşkil olunması heç bir halda təsadüfi ola bilməz. Bu, informasiya və siyasi təzyiq vasitəsi kimi istifadə olunan klassik taktikanın tərkib hissəsidir.

İlk öncə deyim ki, ABŞ-də etiraz aksiyalarının keçirilməsi adi bir hala çevrilib. Xüsusi ilə mühüm beynəlxalq tədbirlər zamanı fərqli motivli aksiyalar baş tutur. Lakin bu dəfə vəziyyət heç də sadə deyil. Xüsusi ilə etiraz aksiyası adı altında təhlükəsizlik perimetrinin pozulmasına cəhd göstərilməsi, təxribat xarakterli şüarların səsləndirilməsi və aqressiv davranış nümayiş etdirilməsi hadisəni artıq fikir azadlığı çərçivəsindən çıxararaq hüquq pozuntusu müstəvisinə keçirir. ABŞ kimi təhlükəsizlik protokollarına ciddi riayət olunan bir ölkədə belə addımların atılması aksiyanın spontan deyil, konkret siyasi məqsədlərə xidmət etdiyini göstərir.

Hadisə ilə bağlı iki məqam isə xüsusi ilə diqqət çəkir:

1. Hadisəyə ilk reaksiya və dəstək ANCA təşkilatından gəldi;

2. ANCA-dan sonra dərhal səsini çıxaran anti-Azərbaycan mövqeyi ilə seçilən “Frank Pallone” oldu.

ANCA ABŞ-də fəaliyyət göstərən erməni mənşəli ictimai-siyasi lobbi təşkilatıdır. Onun əsas fəaliyyəti ABŞ siyasi sistemində erməni icmasının maraqlarını müdafiə etmək və bu istiqamətdə qanunvericilik, icra hakimiyyəti və ictimai rəyə təsir göstərməkdir. Sual yaranır: “Tofiq Yaqubluya azadlıq”, “Əli Kərimliyə azadlıq” kimi “siyasi məhbuslara” azadlıq şüarlarının erməni icmasına və ya onun maraqlarını müdafiə edən ANCA-ya nə aidiyyəti var?

“Frank Pallone” isə ABŞ-nin Nyu-Cersi ştatını təmsil edən uzunmüddətli Konqres üzvüdür və Demokratlar Partiyasının tanınmış “fiqur”larından biridir. O, xüsusilə Ermənistanla bağlı məsələlərdə illərdir açıq şəkildə erməni icmasının mövqeyi əsasında çıxışlar edir və Konqresdə erməni məsələləri üzrə fəaliyyət göstərən qrupun həmtəsisçilərindən biridir. Bundan başqa o, Qarabağ münaqişəsi dövründə və sonrakı mərhələlərdə separatçıların öz müqəddəratını təyinetmə arqumentlərini dəstəkləyən açıq mövqe ilə çıxış edib. Ən önəmlisi isə 907-ci düzəlişin təşəbbüskarlarından biri məhz Frank Pallonedir.

Əslində məsələ aydındır. Ermənistanla Azərbaycan arasında danışıqlar uğurla davam edir. Xüsusilə ABŞ prezidentinin hər iki liderə rəğbət bəsləməsi və Azərbaycanı xüsusi ilə etibarlı tərəfdaş kimi görməsi görünür ki, bəzi qüvvələri narahat edir.

Azərbaycanla Ermənistan arasında danışıqların irəliləməsi və 907-ci düzəlişin ləğvi məsələsinin ardıcıl irəliləməsi bu prosesi yaxından izləyən və öz maraqlarına təhdid görən ANCA və “Frank Pallone” kimilərini narahat edir. Çünki bu, uzun illərdir ABŞ-də yürüdülən onların siyasi gündəliyində əsas yer tutan mövqelərin zəifləməsi ilə nəticələnə bilər.

Belə şəraitdə əlindəki azsaylı arqument və imkanlardan istifadə edərək bəhsi keçən misaldakı kimi aksiyaları təşkil etmək, mümük provakasiyalara nail olub, bunu gündəmdə saxlamaq bu qrupların strateji məqsədləridir. Yəni məqsəd yalnız diqqəti üzərinə çəkmək deyil, həm də Azərbaycan tərəfinə və ABŞ ictimaiyyətinə müəyyən təzyiq mesajı verməkdir. Başqa cür desək, onlar prosesin gedişinə birbaşa təsir etməsələr də, diqqəti və ictimai rəyi dəyişməyə çalışırlar.

Politoloq Turan Rzayev