Vaxtı keçmiş dərmanlar: İnsan sağlamlığı niyə riskə atılır?backend

Vaxtı keçmiş dərmanlar: İnsan sağlamlığı niyə riskə atılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən apteklərdə yararlılıq müddəti bitmiş dərman vasitələrinin müxtəlif yollarla xəstəxanalara paylanması ilə bağlı faktlar üzə çıxır. Bu isə insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.

Aidiyyəti qurumlar tərəfindən bu cür hallara qarşı mütəmadi nəzarət və mübarizə aparılsa da, problemlə yenidən üzləşirik.

Sual yaranır: niyə insanlar vaxtı keçmiş dərmanlarla faktiki olaraq zəhərlənir və bunun sağlamlığa təsirləri nələrdir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor Adil Qeybulla bildirib ki, dərman vasitələrinin dövriyyəsi — istehsalından tutmuş daşınması, saxlanması, utilizasiyası və satışına qədər olan bütün mərhələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə ciddi şəkildə tənzimlənir.

Adil Qeybulla

Onun sözlərinə görə, mövcud qanunvericilikdə bu proseslər aydın və konkret şəkildə təsbit olunub.

“Dərman vasitələrinin yararlılıq müddəti bitdikdən sonra onların istifadəsinə qətiyyən icazə verilmir.

İstifadə müddətinin bitməsinə təxminən bir ay qalmış həmin dərmanlar çeşidlənir, istifadəsi tövsiyə olunmayan şəraitə keçirilir və qiymətləri endirilir ki, tezliklə realizə edilsin. Lakin vaxtı keçmiş dərmanlardan istifadə tamamilə yolverilməzdir. Belə dərmanların dövriyyəsi və istifadəsi hüquqi məsuliyyət yaradır və bu, Azərbaycan Respublikası qanunlarının açıq şəkildə pozulması deməkdir. Bu halda məsul şəxslər barəsində hüquqi tədbirlərin görülməsi mümkündür”, – deyə professor qeyd edib.

Adil Qeybulla bildirib ki, bəzi hallarda komissiya şirkətlərinin və ya müəyyən səhiyyə müəssisələrinin korporativ maraqları fonunda bu cür qanunazidd hallara yol verilə bilər:

“Bu, qətiyyən qəbuledilməzdir. Belə hallar birbaşa insanların sağlamlığını təhlükə altına atmaq deməkdir. Doğrudur, Avropada istifadə olunan bəzi dərman vasitələri — tablet, ampul və digər formalar göstərilən son istifadə tarixindən sonra müəyyən müddət təsirini tam itirməyə bilər. Lakin həmin tarix təsadüfi şəkildə yazılmır. Əgər dərmanın üzərində son istifadə müddəti göstərilibsə, bu, o deməkdir ki, həmin tarixdən sonra dərmanın keyfiyyət göstəriciləri dəyişməyə başlayır. Bu amil mütləq nəzərə alınmalıdır”.

Professor vurğulayıb ki, vaxtı keçmiş dərmanların istifadəsi ciddi fəsadlara, zəhərlənmələrə və bəzən geri dönülməz sağlamlıq problemlərinə səbəb ola bilər və bu məsələdə nəzarət mexanizmləri daha da gücləndirilməlidir.