Vəkil: Bəzən din xadimləri  özləri narkotik ticarəti ilə məşğul olurlarbackend

Vəkil: Bəzən din xadimləri özləri narkotik ticarəti ilə məşğul olurlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır.

Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxarmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir.

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. “Narkomaniya” yunan sözü olub, narko- bihuşluq, maniya – isə asılılıq deməkdir.

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır.

Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün sitmul yaranır.

Narkomaniyaya qarşı hamılıqla mübarizə

Aydın məsələdir ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin vəziyyəti və narkotik vasitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən başqa, təqribi hesabalamalara da əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunur, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilir.

Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalamış və problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur. Bu sənədlərin qəbulunda ümumi məqsəd Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyasını, narkotik vasitələrin və psixotrop maddələrin istehsalını, dərman preparatlarının və xammalın hazırlanmasını qanunla qadağan etməkdir. Dövlət orqanları ilə yanaşı ictimai təşkilatların da bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına stimul verir.

Bəli, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır.

Narkomaniya – gələcəyi olmayan həyat

Narkotik – mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. O toksik maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər mənfi təsir göstərərək, onun xarakterini dəyişir, xəstə özünü idarə edə bilmir.

Orqanizm zəifləyir, bədən arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır.

Uzun illərin araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 10- 15 nəfəri də narkomanlığa cəlb edə bilər. BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən- ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək istiqamətində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Narkomaniya 12-17 yaş qrupu arasında daha geniş yayılmışdır. Narkomaniya bəlası təkcə paytaxtımızla məhdudlaşmır. Ən ucqar əyalətlərimizdə belə bu bəlanın əlamətləri artmaqdadır.

Bəşəriyyətin faciəsi

Bu gün bütün dünyada narkotizmin yayılmasının qarşısının alınmasında dünya dövlətləri BMT-nin qəbul etdiyi üç əsas Konvensiyanın (1961, 1971 və 1988-ci illər) ətrafında sıx birləşərək vahid mübarizə metodları hazırlamaqla bu dəhşətli bəlanın qarşısının alınmasında birgə səy nümayiş etdirirlər. 1992-ci ildə Azərbaycan Respublikası BMT- yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur.

1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMTnin Yaxın və Orta Şərqdə Narkotiklərin Qanunsuz Dövriyyəsinə Nəzarət üzrə Yardımcı Komissiyasının 32-ci sessiyasında çıxış edərək Azərbaycan Respublikasının bu problemin həllində ardıcıl addımlar atacağını və dünya ictimaiyyəti ilə bu məsələdə bir yerdə olacağını bir daha bəyan etmişdir. 1998- ci ildə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. 1999- cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunaraq ölkə başçısı tərəfindən imzalanmışdır. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. Ulu öndərin 15 iyul 2000-ci il tarixli fərmanı ilə “2000-2006-cı ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə” Milli Proqram qəbul edilmişdir. Bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyətli dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır. 2000-ci ildə Azərbaycan Respublikası Avropa Şurasına tam-hüquqlu üzv olduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) Regional Yardım Proqramı fəaliyyətə başlamışdır. 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Narkoloji xidmət və nəzarət haqqında” Qanun qəbul olunmuşdur. 2005-ci ildə görülən işlərin məntiqi davamı kimi beynəlxalq qurumların tövsiyələrinə, qoşulduğumuz Konvensiyaların müddəalarına uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən imzalanmışdır. Prezident İlham Əliyevin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir. Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin alınması, saxlanması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi, istifadə edilməsi, onların dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.

Narkomaniya cəmiyyətin qəddar düşmənidir.

Qanunun 9-cu maddəsində narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsinə dair Milli İnformasiya Mərkəzinin yaradılmasından, informasiya orqanlarının qarşısında qoyulan vəzifələrdən bəhs edilmişdir. Azərbaycan Respublikası ərazisində narkomaniya və narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Qəbul olunan qanunun və normativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə bağlı sosial, iqtisadi, hüquqi münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirməkdir. Bununla yanaşı, ölkədə hüquq-mühafizə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə aparılır. Azərbaycan hökuməti daima ölkə ərazisində narkomaniya və narkobiznesə qarşı mübarizədə uğurlar əldə etmək üçün bütün cavabdeh strukturların fəaliyyətinin əlaqələndirilməsinin başlıca meyar olduğunu qeyd edir.

Ölkə başçısının 28 iyun 2007-ci il tarixli Sərancamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə uzrə Proqram”ın (2007-2012-ci illər) yerinə yetirilməsi istiqamətində Dövlət Komissiyasının işçi qrupunun müvafiq nazirlik, komitə və təşkilatlarla birgə gördüyü işlər çox əhəmiyyətlidir. Bunun üçun Təhsil, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti, Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri və digər qurumlar birgə fəalliyyət göstərməli, müalicə və reabilitasiya sahəsində profilaktik tədbirlərin səmərəsini artırmalıdırlar. Yalnız bu təqdirdə narkomaniya və narkobizneslə məşğul olan ayrı-ayrı şəxslərin, dəstələrin vaxtında ifşa olunmasında, onlara qarşı lazımi profilaktik tədbirlərin həyata keçirilməsində müvəffəqiyyət əldə etmək mümkündür. Narkotizmlə və narkobizneslə mübarizədə regional və beynəlxalq əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi səmərəli addımlardan biri hesab olunur. Belə əlaqələrin və əməkdaşlığın qloballaşması ilk növbədə müvafiq ölkənin özünün, bilavasitə, milli təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Ona görə də milli təhlükəsizliyin təmin olunmasında narkomanlığın, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və belə təzahürlərin aradan qaldırılması sahəsinda həyata keçirilən tədbirlər əsas yerlərdən birini tutur.

Gəlin gələcəyimizi qoruyaq

İnkişafa gedən yol ilk növbədə təhsildən keçir. Elə bu səbəbdən də hamınız təhsilinizə, savadınızı artırmağa xüsusi diqqətlə yanaşmalısınız. Dostlar, çalışın daima intellektual səviyyənizi, savadınızı inkişaf etdirin, pis vərdişlərdən kənar olun. Çünki vətənimizə layiqli bir vətəndaş kimi yetişmək üçün təhsil önəmli şərtlərdən biridir.

Bildiyimiz kimi “Xaş-xaşın göz yaşı” tamaşası Avropa Şurasının Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınıb və 80 layihə arasında ilk üçlüyə düşüb. Bu AİDS mövzusunda Azərbaycanda hazırlanmış ilk maarifləndirici teatr tamaşasıdır.

Narkomaniya – bəşərin ən qorxulu bəlasıdır. Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bu, Sibir meşələrindəki bataqlıqlara bənzəyir ki, orada yaşayan heyvanlar o bataqlığa düşür və sonra oradan çıxmaq üçün çırpınır, amma əksinə, hər hərəkətində daha da batır. Bu da elə bir şeydir. Narkotikadan istifadə insan həyatı üçün həmin o bataqlıqdan heç də az təhlükəli deyil.

*** *** ***

Narkotika və narkotik vasitələrin ölkəmizdə aldığı halla bağlı mütəxəssis rəyi mütləqdir. Həmsöhbətinmiz Bakı şəhər 6 saylı Vəkil Birosunun vəkili Rəcəb Nurəliyevdir. Söhbətimizə onun qeyd etdiyi dəyərli fikirlə başlayaq.

ÜRƏK AĞRISI İLƏ DEYƏRDİM Kİ, DÜNYADA VƏ ÖLKƏMİZDƏ NARTKOTİKİN YAŞI OLDUQCA GƏNCLƏŞİB…

– Narkomaniyaya qarşı dövlət tərəfindən mübarizə üsulları və bununla bağlı hansı məcəllələr mövcuddur?

– Narkotik vasitələrdən istifadəyə görə məsuliyyət məsələləri Azərbaycanda həm cinayət məcəlləsi ilə, həm də inzibati xətalar məcəlləsi ilə tənzimlənir. Yol verilmiş əməlin, pozuntunun cinayət məsuliyyətinə aid olunması, yəni yol verilmiş xətaya aid olunması, həmin narkotik vasitə hesab olunan maddənin çəkisindən aılıdır. Məsələn, əgər Azərbaycanda narkotik vasitə 0,5 mq-dan yuxarıdırsa, bu, cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Belə halda təbii ki, bunun da təqibi cinayət məcəlləsinin tələblərinə uyğun həyata keçirilir. Yox, əgər, vasitə qeyd olunan çəkidən az olarsa, bu inzibati xətalar məcəlləsi ilə tənzimlənir.

İnzibati xətalar məcəlləsində məsələn, 206; 206-1; 207; 208; 209-cu maddələr narkotik vasitələrə qarşı tərtib olunmuş inzibati prosesin aparılmasını nəzərdə tutur. Bu maddələrdə qanunsuz olaraq narkotik vasitələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarının hazırlanması, saxlanılması, əldə edilməsi, daşınması və göndərilməsi iki ayadək həbs edilərək azadlıqdan məhrum edilməsi və ya eyni zamanda, 300-400 azn. manatadək cərimə və s. maddələr ilə nəzərdə tutulur. Bir sözlə, narkotik vasitələri əhatə edən bütün maddələrin, bitkilərin kultivasiyası, narkotik vasitə hesab olunan bitkilərin məhv edilməməsi və s. nəzərdə tutulur.

– Müharibədən sonra bəşəriyyətin ikinci bəlası sayılan narkotika – narkotik vasitələrin istifadəsi və ya ticarəti ilə məşğul olan insanlar hansı cinayyət məsuliyyətinə cəlb olunur? İttiham ilə bağlı ən kiçik yaş həddi neçə yaş hesab olunur?

– Cinayət məsuliyyəti haqqında demək olar ki, bizdə belə bir qanun var, şəxsən cinayət məcəlləsinə cəlb edilməsi üçün kifayət qədər narkotik və psixatrop vasitələrin miqdarına, habelə onların küllü miqdarına görə siyahıların təsdiq edilməsi haqqında 28 iyun 2005-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasnın qanunu var. Orada göstərilən cinayət məcəlləsi ilə əlaqədar maddələr yer almışdır. Saxlanılması, istehsalı, satılması və s. kimi addımlar müxtəlif məcəllərlə aparılır. Onu da qeyd etmək mütləqdir ki, Azərbaycan Respublikasında cinayət törədənədək 16 yaşı tamam olmuş şəxs cinayət məcəlləsinə cəlb olunur. Bu ümumi qaydadır. Ancaq burada bir istisna mövcuddur. Cinayət məcəlləsinin 20-ci maddəsində göstərilir ki, narkotik və psixatrop vasitələri talamağa və hədə-qorxu ilə tələb etməyə görə cinayətlərində şəxsin yaşı 14 – olarsa, onlar da cinayət məsuliyyətinə cəlb olunur.

– Narkotik vasitələr ilə məşğul olan şəxslərin ittihamı zamanı yüngülləşdirilmiş və ya sərt qanunlar hansılardr?

– Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 234; 240-cı maddələr narkotik və psixatrop vasitələrlə bağlı cinayət məsuliyyəti və cinayət cəzası nəzərdə tutulan maddələrdir. Burada sərt şəkildə – azadlıqdan məhrum etmə məsələləri, eyni zamanda, narkotik vasitənin növü, miqdarı, nə üçün istifadə olunduğu, əldə olunma səbəbi və s. bütün bunlar araşdırılıb müvafiq cəza tədbirləri müəyyən olunur. Belə demək olarsa, ən yüngül formada 3 ilədək azadlıqdan məhrumetmə və son hədd olaraq 5 ildən – 12 ilədək azadlıqdan məhrumetmə kimi cəza tədbirləri sərtləşə bilər. Bu tətbiq hadisənin icra olunmasına görə dəyişə bilir. Bu da hər şeydən əvvəl narkotik vasitələrinin ümumi bəla, ictimai problem olaması ilə bağlıdır. Bütün dünyada ən sərt şəkildə buna qarşı mübarizə aparılır və o cümlədən də Azərbaycanda da bu yöndə ciddi şəkildə addımlar atılır. Bütün bunlara baxmayaraq, təəssüf ki, bu kimi addımlar dünyanın hər yerində olduğu kimi Azərbaycanda da öz səmərəsini verə bilmir.

– Bu qlobal məsələnin mübarizə və həlli ilə bağlı Azərbaycanda hansı qurum və təşkilatlar fəaliyyət göstərir?

– Azərbaycanda bir neçə qurumlar, təşkilatlar var, məsələn, Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsi mövcuddur və bu idarənin bölgə və regionlarda bir sıra qurumları fəaliyyət göstərməkdədir. İdarənin əsas məqsədi narkotik istifadəçisi, alqı-satqı və s. məşğul olanlara qarşı mübarizə təşkil etməkdir. Bundan sonra Uşaq Sahə Müvəkkirləri vardır ki, onlar da bu yöndə çoxlu sayda işlər görmüş və hazırda da aktiv mübarizə aparmaqdadırlar. Qısa olaraq bildirim ki, Səhiyyə Nazirliyi də olmaqla bir çox dövlət qurumları öz səlahiyyətləri daxilində bu yöndə aktiv mübarizə aparır və təbliğat proqramları və s. təşkil edirlər. Hətta bu işlə bağlı Azərbaycan Milli Elmlər Akademiyası da cəlb olunub. Bu da mübarizə üsullarına səmərəli nəticələr verməkdədir.

– Bilindiyi kimi, Azərbaycana bu kimi vasitələr bir sıra ölkələrdən daxil olmaqdadır, siyahıya ən çox hansı ölkələr aiddir?

– Azərbaycana ən çox narkotik vasitələrin bilavasitə daxil olan ölkə İran İslam Respublikasdır. Bundan başqa narkomaniyanın aktiv, deyərdim ki, tüğyan elədiyi ölkələrdən – Əfqanıstandan və s. eləcə də, Türkmənistan və Qazaxıstandan da (dəniz sərhəddi vasitəsilə) daxil olur. Eyni zamanda, Rusiyadan da tranzit yolla da daxil olur.

– Çox təəssüf ki, yeniyetmə və gənclər də çox sürətlə narkotik vasitələrin alüdəçisinə çevrilir. Onlar arasında təbliğat çoxşaxəli hal alıb. Bu yöndə sizin müşhidələrinizi bilmək istərdik.

– Məktəblilərin, ümumiyyətlə, gənclərin sıx olduğu yerlər bəzən xüsusi ilə seçilir və narkotik vasitələr təbliğ olunur. İnternet-kafelər, xüsusi məclislərdə təşkil olunmuş meyxana deyilən məkanlar bəzən ən güclü təbliğat obyektlərinə çevrilir.

Azərbaycan gənci və yeniyetmə dövründə olan övladların bir sıra zərərli vərdişlərdən və amansız bəlaya çevrilmiş narkotik vasitələrinə alüdəçilik kimi vərdişlərdən uzaqlaşdırmaq təəssüf ki, çox çətin məsələdir. Bir deyim var: “Gizlədilən meyvə daha şirin olar”. Yəni bu günkü gündə o vasitələr nə qədər gizlədilər və vahiməli bir obyekt kimi yanaşılarsa, daha çox diqqət cəlb olunur. Bəzən yetkinlik dövrünə çatmamış uşaqlar maraq xatirinə ondan istifadəyə başlaya bilirlər. Həmin an gənc düşünür ki, bəlkə bu vasitə mənim dərdimi unutdurar. Bəlkə qarşılığə olmayan sevgi hisslərim bu vasitə ilə ovuna bildi. Və yaxud işsizlik, həyatdakı hər hansı uğursuzluq, öz yerini tapa bilməmək hissi, müəyyən derpessiv hallar və s. zamanı gənclərimiz nədənsə daha çox narkotik aludəçisinə asanlıqla çevrilə bilirlər.

Ancaq insanlar yaddan çıxarmasınlar ki, bu, olduqca bahalı bir vərdişdir. Belə ki, bu vasitələrin əldə olunması, yəni alışı çox bahalıdır, həm də müalicə müddəti olduqca bahalı və keşməkeşlidir. Eyni zamanda, bu vasitələrə mübtəla olmuş şəxslərin ödədiyi həyati dəyərlər çox bahadır. Cəmiyyətdən tədric olunur, sağlamlıq əldən gedir. Hörmət, inam, etibarı itirmək və s. kimi yüksək dəyərlərdən məhrum olunur. Cəmiyyət ona qeyri-ciddi insan kimi yanaşır, ailə qura bilmir (heç kim ona qız vermir, və ya evlənmir.) Bir sözlə bu vərdiş deyərdim ki, çox dəhşətli bir bəladır.

– Sizcə, narkotik vasitələrlə bağlı dövlət və cəmiyyət olaraq bu qədər mübarizə və qadağalara baxmayaraq, yetərli səmərə olmamasında kiçik görünən böyük nüanslar nələr ola bilər?

– Qeyd etdiyim kimi, bu yöndə ölkəmizdə, eləcə də dünyada ciddi şəkildə işlər görülür. Sərt cəza tədbirləri tətbiq edilib, bir sıra müxtəlif səpkidə təbliğat aparılır. Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, bu məsələnin öz aktuallığını itirmədən qlobal problem olaraq qalması bəzi səmərə verməyən addımların, eləcə də, bu işlə bağlı aidyyatı orqan işçisinin laqeyidliyinin və ya işinin öhdəsindən layiqincə gəlməməsinin təzahürüdür. Bu hər bir aidiyyatı dövlət qulluqçusuna şamil olmasa da, belə hallara rast gəlmək mümkündür. Bundan başqa bəzən din xadimləri də özləri narkotik ticarəti ilə məşğul olurlar. Sənət və səhnə adamları arasında bu vasitənin alışı və ya satışı ilə məşğul olanlar var. Dünyanın ən məşhur müğənni, səhnə adamı, habelə, şair və yazarlar da bu vasitəyə bir ilham mənbəyi kimi baxır və bunu da ictimaiyyətdən gizlətmir. Onlara elə gəlir ki, istifadə etdiyi vasitə onlara xüsusi güc, enerji, istedad gətirəcək. Bu da bir narkotikə təşviq, ən böyük və güclü təbliğat deməkdir.