Vətən Müharibəsi iştirakçısının ailəsi Kapital Bank-dan şikayətçidirbackend

Vətən Müharibəsi iştirakçısının ailəsi Kapital Bank-dan şikayətçidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Vətən Müharibəsi iştirakçısının ailəsi Kapital Bank-dan şikayətçidir.

NOCOMMENT.az xəbər verir ki, hərbçi yoldaşı, tabeliyində 2 azyaşı uşaq olan Tovuz rayonu Əlibəyli kənd tam orta məktəbində müəllimə işləyən Nuriyeva Xavər redaksiyamıza müraciət edərək Kapital Bank-ın Tovuz rayon filialından şikayətçi olduğunu bildirib.

X.Nuriyeva həyat yoldaşının hərbçi olduğundan tank komandiri kimi sentyabrın 27-dən Azərbaycanın erməni işğalçılarına qarşı apardığı haqq müharibəsinə qoşularaq vətənin müdafiəsinə qatıldığını söyləyib.

Şikayətçinin sözlərinə görə, həyat yoldaşı Nuriyev İlkin Elman oğlu 24.10.2018-ci il tarixində sözügedən bankın Tovuz rayon filialından 15 min manat istehlak krediti götürdüyünü, hazırda isə bu kreditin qaytarılmasında çətinlik çəkdiyini deyir.
“Yoldaşım, bankdan 15 000 manat kredit götürsə də, bizim 24.09.2022-ci ilə qədər ödəyəcəyimiz ümumi məbləğ 24 421 manat edir ki, bunun da 9 421 manatı faizlər təşkil edir. Yoldaşım cəbhədə vuruşur, mən isə müəllimə işləyirəm.

Aldığımızın böyük əksəriyyəti isə bank kreditinə, süsusən də faiz dərəcələrinin ödənilməsinə getdiyindən dolanışığımız çətindir. Biz götürdüyümüz krediti ödəyə bilirik, lakin kreditin faiz dərəcələri yüksək olduğundan bizə ciddi problemlər yaşadır. Bank əməkdaşları isə yoldaşımın cəbhədə olduğunu və vətən uğrunda döyüşlərdə iştirak etdiyini heç eşitmək belə istəmirlər.

Təsəvvür edin ki, cənab Prezident müharibənin bitməsi ilə bağlı sənədi imzaladığı, müharibənin bitdiyi günü Kapital Bankın əməkdaşları bizə zəng edərək krediti və faizlərini ödəməyimizi tələb etdilər. Onlara bildirdim ki, müharibənin bitdiyi elan edilsə də, yoldaşım hələ də cəbhədə qaynar nöqtədədir. Yoldaşımın əmək haqqı isə təqribən hər ayın 16-17-də verilir. Kapital Bank-ın əməkdaşı mənə “hərbiçinin vəzifəsidir döyüşmək” deyərək etinasız dərəcədə cavab verdi. Doğrusu bu cavabı heç bir azərbaycanlıya yaraşdırmadım.

Bizim timsalımızda çox əsgər və zabit ailələri bu vəziyyətdədir. Heç olmasa döyüş bölgəsində olan hərbiçilərin kreditlərinə baxılsın. Əsasən isə istəyimiz bu kreditlərin gecikmələri, faizləri silinsin. Çox istərdim ki, həmçinin Vətən Müharibəsində iştirak edən bizim kimi evsiz ailələr işğaldan azad olunan ərazilərdə ev ilə təmin edilsin”, – deyən Xavər Nuriyeva dövlətin hər zaman hərbiçiləri diqqətdə saxladığını, bundan sonra da diqqətdə saxlayacağını, onların mənzil-məişət problemini nəzərə alacağına böyük ümid bəslədiyini vurğuladı.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də zənglərimizə cavab verən olmadı. Kapital Bank-ın sözügedən məsələ ilə bağlı münasibətini işıqlandırmağa hazırıq.

NOCOMMENT.az