Vəzifəli şəxs vətəndaşla hədə-qorxu ilə danışa bilərmi? – AÇIQLAMAbackend

Vəzifəli şəxs vətəndaşla hədə-qorxu ilə danışa bilərmi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün azadlığa çıxan Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev jurnalistlərə açıqlama verərkən saytlardan birini ittiham edib. O bildirib ki, saytlardan biri guya kefinin yaxşı olması ilə bağlı xəbər verib, lakin bu, yalandır.

NOCOMMENT xəbər verir ki, sabiq deputat çıxışı zamanı sayta xəbərdarlıq edib və jurnalistləri cəzalandırmaqla hədələyib.

Qeyd edək ki, ötən gün sabiq məmur tərəfindən hədələnən sayt onunla bağlı səs yazısını yayaraq yalan məlumat vermədiyini ortaya qoyub. Baş verən olay ölkədə həm vəzifədə olan, həm də sabiq məmurların jurnalistlər və sadə vətəndaşlarla olan münasibətini ortaya qoyub. Sabiq deputatın timsalında digər vəzifəli şəxslərin də hədə dili ilə danışa bilmək səlahiyyətlərinin olub-olmamasını gündəmə gətirib.

Mövzuya millət vəkili Fazil Mustafa münasibət bildirib. Deputat baku.ws-ə açıqlamasında bildirib ki, qanunazidd hər hansı açıqlama varsa, ona qarşı insanların öz hüququnu qorumaq imkanı var: “Qorumaq yolu isə məhkəmələrdir. Kimsə hesab edirsə ki, onun şərəf və ləyaqəti təhqir olunub, hansısa bir problem var, bu istiqamətdə məhkəməyə müraciət etməlidir. Bunun bəlli bir formulu var.

Kimsəni məhkəmənin qərarı olmadan hər hansı formada cəzalandırmaq olmaz. İnsanlar yalnız məhkəmə yolu ilə məhrumiyyət və məhkumiyyətə məruz qala bilərlər. Hər hansı iddianın yalnız məhkəmədə təsdiqinə ehtiyac var. Buna görə də insanların bir-birinə qarşı hər hansı aqressiyası olarsa, hər hansı fikir ifadə edilərsə, burada çıxış yolu məhkəmələrdir.

Ümumiyyətlə, bu günlər təkcə məmurlar hədə dili ilə danışmır. Xaricdə oturan blogerlərin də terminologiyasına diqqət etsək, hədə və təhdidlərin şahidi olarıq. Hər kəs özünə bir köşə tapan kimi oradan bu üslubda danışırsa, yenə də burada çıxış yolu məhkəmədir. Biz insanların bir-birinə qarşı linç kampaniyası aparmasına yol verə bilmərik.

Bütün dövlət məmurları, millət vəkilləri və kimliyindən asılı olmayaraq hər kəs konkret ünvana nəyi yönəldirsə, bunu əsaslandırmalı və sübut etməlidir. Təhqirə məruz qaldığını hesab edən hər kəs özünü müdafiə etmək üçün hüquqi vasitələrdən istifadə etməlidir”.