Vidadi Mustafayevin Azərbaycana xəyanəti… – Diaspor adı altında Rusiya layihəsibackend

Vidadi Mustafayevin Azərbaycana xəyanəti… – Diaspor adı altında Rusiya layihəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uralda Azərbaycan diasporunun yeni rəhbəri olduğunu iddia edən Vidadi Mustafayev ölkəmizə qarşı əməllərini davam etdirir.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bu dəfə o, həbsdə olan diaspor rəhbəri Şahin Şıxlinskinin tərəfdarlarının azərbaycanlıların “xüsusi əməliyyat” üçün apardığı ianə toplama kampaniyasını pozduqlarından şikayətlənib. V.Mustafayev qeyd edib ki, Şahin Şıxlinski diaspor üzvlərini ianə verməməyə və tədbirlərdə iştirak etməməyə çağırıb.

Vidadi Mustafayev əlavə edib ki, yaxın vaxtlarda Moskvada Rusiya diplomatları ilə görüşüb, onlara öz proqramını təqdim edib və əlaqəni davam etdirmək vədi alıb. O, eyni zamanda, Azərbaycan diplomatları ilə əlaqə saxlamağın mənasız olduğunu qeyd edib.

Qeyd edək ki, bu xəbərdən sonra azərbaycanlılar sosial mediada Vidadi Mustafayevi sərt tənqid edib, onu Azərbaycana xəyanət etməkdə günahlandırıblar.

Xatırladaq ki, bir müddət əvvəl APA Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələrə istinadən Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti olmadığını yazmışdı:

“O, naməlum qrup tərəfindən qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçilib”.

Vidadi Mustafayevin iqtisadi cinayətlərə görə bir neçə dəfə məsuliyyətə cəlb olunmasına dair məlumatlar da var.

Məlum olduğu kimi, diaspor könüllü fəaliyyət növüdür. Ana Vətənlə yaşadığı ölkə arasında əlaqələrin inkişafına töhfə vermək, həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərmək diasporun əsas funksiyalarına daxildir. Bu gün Azərbaycan diasporunun da hər bir sahədə uğurlu fəaliyyəti göz qabağındadır.

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin sədrlik etdiyi “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatı da hər zaman Rusiya qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərib.

Təəssüf ki, bəzi soydaşlarımızın fəaliyyəti diaspor və birlik anlayışlarına xələl gətirir.

Naməlum qrupun Vidadi Mustafayev adlı şəxsi qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçməsi”, bu cür informasiyaların tirajlanması Azərbaycan diasporunun birliyinə xələl gətirmək və icma üzvləri arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır”.
Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski bu ilin avqustunda həbs olunub.