Vilayət Eyvazov general Volkova xəbərdarlıq etməlidir – AÇIQLAMAbackend

Vilayət Eyvazov general Volkova xəbərdarlıq etməlidir – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda baş verən hadisələr onların daxili məsələsidir. O ki qaldı Azərbaycan ərazisi olan Xankəndidə revanşistlərin ən son keçirdiyi mitinqə və digər pozucu fəaliyyətlərə, burada rus sülhməramlıları məsuliyyət daşıyır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə revanşistlərin 28 mayda Xankəndidə keçirdikləri mitinqi haqqında danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Diplomat bildirib ki, rus sülhməramlıları Azərbaycan dövlətinin qanunlarına əməl etməli, müvəqqəti məsuliyyət zonalarında separatizm və qanunsuz fəaliyyətə imkan verməməlidir:

“Xankəndidə narahatlıq doğuran bir neçə məqam var: Əvvəla, üçüncü ölkələrin vətəndaşları oraya istədikləri kimi girib-çıxırlar. Buna Paris merinin Xankəndiyə qanunsuz səfərini və s. örnək göstərə bilərik.

İkincisi, orada Azərbaycan əleyhinə separatçılar tərəfindən hansısa mitinqlər və tədbirlər keçirilir. Buna qətiyyən imkan verilməməlidir. Çünki sülhməramlılar oraya göydən düşməyiblər. Onlar Azərbaycan dövlətinin dəvəti ilə gəliblər. Burada hüquqi əsas odur ki, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq mərkəzində fəaliyyət göstərən Türkiyə və Rusiya, rus sülhməramlı kontingenti birmənalı şəkildə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq ediblər. Bu baxımdan rus sülhməramlıların fəaliyyəti göstərilən hüquqi çərçivədə olmalıdır. Əgər ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı işlər davam etsə, hesab edirəm ki, rus sülhməramlılarının fəaliyyətinə vaxtından əvvəl xitam verilməlidir”.

Tofiq Zülfüqarov sülhməramlıların komandanlığına ciddi xəbərdarlıq edilməsinin vacibliyindən də bəhs edib:

“Düşünürəm ki, sülhməramlıların komandanlığı Bakıya dəvət edilməli, bütün güc strukturlarımızın – Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və xüsusilə Daxili İşlər Nazirliyinin (çünki Xankəndi Azərbaycanın daxili işidir – red.) nümayəndələri mövqelərini və iradlarını qəti şəkildə qarşı tərəfin nəzərinə çatdırmalıdır. Fikrimcə, belə bir xəbərdarlıq daha yaxşıdır, nəinki bəyanat. Çünki qeyd etdiyim kimi, rus sülhməramlıları Azərbaycan dövlətinin dəvəti ilə bura gəlib və onlar hansısa bir xüsusi imtiyaza sahib deyillər”.Axar.az