Almaniyanın “Volkswagen” avtomobil konserni qənaət tədbirləri çərçivəsində azı üç zavodunu bağlamaq və bununla da on minlərlə iş yerini ixtisar etmək niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Focus” nəşri konsernin direktorlar şurasına istinadla məlumat yayıb.
Volfsburqda keçirilən məlumatlandırma tədbirində çıxış edən istehsalat şurasının rəhbəri Daniela Kavallonun sözlərinə görə, on minlərlə iş yeri risk altındadır – bütöv şöbələr bağlanacaq və ya xaricə köçürüləcək.
“Bu planlar Almaniyadakı bütün “Volkswagen” zavodlarına aiddir. Onların heç biri təhlükədən kənarda deyil”, – deyə Kavallo əlavə edib.
Almaniyada şirkətin on zavodunda 120 minə yaxın işçi çalışır. Mediada yayılan məlumata görə, ixtisarlar 2025-ci il iyulun 1-də başlaya bilər. Konsern daxilində qənaət tədbirlərinin tərəfdarları 30 minə qədər işçini ixtisar etmək istəyirlər.