Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib – FOTObackend

Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 10-cu dəfə keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının açılış mərasimi baş tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə idman.biz məlumat yayıb.

Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev bildirib ki, Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi turnirin açılış mərasimi Şuşa otelində olub.

 

Əvvəlcə Şuşa rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəliyinin baş məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək qonaqları salamlayıb. Sonra Vüqar Həşimovun ömür yoluna və karyerasına həsr olunan video nümayiş etdirilib. Ardınca Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək turnirdə güclü şahmatçıların iştirak etdiyini vurğulayıb. M.Məmmədov Vüqar Həşimovun dünyanın tanınmış şahmatçılarından biri olduğunu qeyd etməklə turnirin böyük tarixə malik olduğunu bildirib.

Əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələdə baş tutan Vüqar Həşimov Memorialının tarixi anlarını əks etdirən video göstərilib. Bundan sonra isə söz Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimova verilib. Qasım Həşimov ailəsi adından turnirin ənənəvi olaraq hər il keçirilməsinə dəstək olan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Açılış mərasiminin sonunda Vüqar Həşimov Memorialının baş hakimi Rauf Hacılı şahmatçılara qaydalar barədə məlumat verib. Püşk mərasimi zamanı şahmatçılar xüsusi saatları seçərək sıra nömrələrini müəyyənləşdiriblər.

Rapid yarışında 1-ci turda rəmzi olaraq ilk gedişləri Vüqar Həşimovun atası Qasım Həşimov, AŞF rəhbəri Mahir Məmmədov, ikiqat paralimpiya oyunlarının qalibi, dəfələrlə dünya və Avropa çempionu İlham Zəkiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini Mədət Quliyev edib.

Qeyd edək ki, Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır. Turnirdə eyni zamanda Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar. Yarışın qalibi rapid və blits üzrə oyunların nəticələrinin cəminə əsasən müəyyənləşəcək.