Qocalıq illərində ehtiyac ucbatından Filarmoniyada mühafizəçi kimi çalışan sevimli müğənnimiz Oqtay Ağayevin (1934–2006) bu gün anım günüdür.
NOCOMMENT.az xəbər verir ki, Oqtay Ağayev birbaşa “Xalq artisti” fəxri adını alan cəmi üç sənətkardan biri olub. Bu ada layiq görüləndə onun 66 yaşı var idi. Oqtay Ağayevin sənət fəaliyyəti yalnız müğənniliklə məhdudlaşmayıb — o, həm də kino sahəsində özünü sınayıb.
Sənətkar Vaqif Mustafayevin “Yapon və yaponiyalı” filmində milis rəisi obrazını canlandırıb, “O qızı tapın”, “Dağlarda döyüş” və digər filmlərdə səsləndirdiyi mahnılarla yadda qalıb. Onun ifasında 200-dən çox mahnı lentə alınıb.
Müğənninin həyat yoldaşı Nadejda xanımla tanışlığı Tacikistanda olub. Hər dəfə Oqtayın konsertlərinə gələn Nadejda xanım evlilik təklifinə əvvəlcə razılıq verməsə də, Oqtay dostlarının köməyi ilə onu qatarla “qaçırır”. Sonradan onların bir oğlu dünyaya gəlir. Oqtay Ağayev sevimli həmkarı Rəşid Behbudovun şərəfinə oğluna Rəşid adını verir. Təəssüf ki, Rəşid qara ciyər xəstəliyindən əziyyət çəkir və 44 yaşında – atasından bir il əvvəl dünyasını dəyişir.
Ürək-damar xəstəliyindən əziyyət çəkən Oqtay Ağayev 2006-cı ilin noyabrında vəfat edib. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən vida mərasimindən sonra sənətkar Yasamal qəbiristanlığında, anasının yanında dəfn olunub.
Lakin həyat yoldaşı Nadejda xanım bu itkilərə dözə bilməyərək depressiyaya düşüb. Daha sonra o, müxtəlif insanlardan aldadılaraq evini əldən verib. Əvəzində ona Buzovnada köhnə bir daxma təklif olunub. Bundan sonra qadının izinə rast gəlinməyib — onun həyatda olub-olmadığı barədə dəqiq məlumat yoxdur.
Oqtay Ağayevin məzarı isə çox pis vəziyyətdədir — qəbrin içi su ilə doludur.
Qeyd edək ki, sənətkarın “Camaika” mahnısını Moskvanın Kreml sarayında ifa etməsi hələ də tamaşaçıların yaddaşındadır.












