Xankəndi ermənilərinə MÜRACİƏT: Vardanyandan, Arayikdən qorxmayın, biz gəlirik!backend

Xankəndi ermənilərinə MÜRACİƏT: Vardanyandan, Arayikdən qorxmayın, biz gəlirik!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndi azərbaycanlıları Xankəndidə yaşayan ermənilərə müraciət edib.

Sabah Azərbaycanın Xankəndi şəhərinin Ermənistan tərəfindən işğalının 31 ili tamam olur. 1991-ci ilin dekabrın 28-də sonuncu azərbaycanlı məcburən Xankəndini tərk edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Modern.az-a danışan “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva hazırda Xankəndidə yaşayan ermənilərə müraciət edib.

O, öncə diqqəti 1990-cı illərdə baş vermiş hadisələrə yönəldib: “1988-ci ilin fevralından ermənilərin Xankəndi sakinlərinə qarşı hədə-qorxuları, hücumları başladı. Biz həmin ilin sentyabr-oktyabr aylarına qədər dözsək də, artıq evlərimizin yandırılması, hər an üzərimizdəki ölüm təhdidi bizi doğma Xankəndini tərk etməyə məcbur etdi”.

QHT rəhbərinin sözlərinə görə, o zaman Xankəndini tərk etmələrinə qonşu ermənilər arasında etiraz edənlər də olub:

“Bizi oradan məcburən çıxaranda qonşu ermənilər pis oldular. Əşyalarımızı toplayanda ermənilər ağlaya-ağlaya bizə kömək edirdilər. Biz bina evində yaşayırdıq. Saqqallılar hücum edəndə qonşuluqda yaşayan ermənilər binanın həyətinə düşüb, bunun qarşısını alırdılar. Onlar bizim evimizin yandırılmasına icazə vermədilər”.

Xatirə Vəliyeva Xankəndi sakinlərinin geri qayıdışa hazır olduğunu vurğulayıb:

“31 ildir ki, biz xankəndlilər qayıdışa hazırıq. Qayıdışı istəyirik. Mən bunu dəfələrlə demişəm ki, ermənilərlə yaşamağa hazırıq. Ona görə ki, qonşum olan ermənini bilirəm. Yerli ermənilərin bir çoxu bizə qarşı olan hücumlara qoşulmurdular. Hücum edənlər İrəvandan, xaricdən gələn ermənilər idi. İrəvandan gələnlər həbsxanadan buraxılmış cinayətkarlar idilər. Amma yaxşı sözünü bütün Xankəndi ermənilərinə şamil etmək olmaz. Elə qonşular da vardı ki, azərbaycanlıların evlərinin yandırılmasını təşkil edirdi, əşyalarını yağmalayırdı”. 

Müsahibimiz, həmçinin deyib ki, azərbaycanlılara qarşı vuruşmaq istəməyən yerli ermənilər Xankəndidən deportasiya edilirmiş:

“Biz 1996-cı ildə ailəlikcə Kiyev şəhərinə getmişdik. Atam bir gün bazarda 3 xankəndili erməni ilə qarşılaşmışdı. Onlar 23-25 yaşlı oğlanlar idilər. Həmin ermənilər azərbaycanlılara qarşı vuruşmadıqlarına görə qovulduqlarını demişdilər. Həmçinin bildirmişdilər ki, döyüşməyən erməniləri, ya da övladını müharibəyə qoymayan ailələrin evləri əlindən alınıb.

Onlar atama söyləmişdilər ki, məcbur olub valideynlərini Xocalıda azərbaycanlıya məxsus sökük bir evdə yerləşdiriblər.

Xankəndidə azərbaycanlılarla ailə qurmuş təxminən 35 erməni vardı ki, Bakıya köçmüşdülər.Onlar da qohumlarının Xankəndidən Rusiyanın cənub şəhərlərinə köçdüklərini danışırdılar.

Deyə bilərəm ki, erməni terrorçuları yerli Xankəndi ermənilərinin çoxunu qovdular. Onların evlərini xaricdən, İrəvandan gələn ermənilərə verdilər. Gəlmə ermənilər isə Xankəndidə yaşamağa davam edirlər.

Biz xankədililər öz evimizə qayıtmaq istəyirik. Elə bir Xankəndi sakini yoxdur ki, “Mən evimə qayıdacam” deməsin. Biz Xankəndiyə qayıdacağıq və buna tam hazırıq.

Hansı erməni bizimlə birgə yaşamaq istəsə, buyursun, əvvəlki kimi yaşayacağıq. Kim istəməsə, Xankəndidən gedəcək. Tam əminik ki, orada qalan ermənilərin çoxu azərbaycanlılarla birgə yaşamağa hazırdır”.

Xatirə Vəliyeva qeyd edib ki, bu gün Xankəndidəki ermənilərin sayı şişirdilir, Ermənistan tərəfinin açıqladığı rəqəmlər real deyil:

“Bir məsələni diqqətə çatdırım. Xankəndidə cəmi 11 orta məktəb var idi. Onların ikisi sırf azərbaycanlılara aid idi, biri isə rus məktəbi idi. 4 məktəbdə erməni və azərbaycanlılar birgə oxuyurdu. 4 məktəbdə isə erməni uşaqlar təhsil alırdılar. İndi rus məktəbi ləğv edilib, orada 1 nəfər belə rus qalmayıb. Məktəblərin sayı artmayıb. Belə olan halda Xankəndidə necə 120 min əhali ola bilər? Orada xaricdən və İrəvandan gətirilən ermənilərin hesabına ən uzağı 25 min insan yaşaya bilər. Nəzərə alsaq ki, o zaman azərbaycanlıların ailələrində 4-5 uşaq, erməni ailələrində isə 2-3 uşaq olurdu. Məntiqlə soruşaq, 120 min erməni yaşayırsa, niyə məktəblərin sayı 11-dən 8-ə düşüb? Hələ onu demirəm ki, o vaxtlar azərbaycanlıları rəsmi qeydiyyata almırdılar. Səbəb də o idi ki, bizim sayımızı aşağı göstərsinlər”. 

Müsahibimiz xatırladıb ki, o, Xankənd-Şuşa yolunda keçirilən aksiyada iştirak edərək, ermənicə Xankəndi ermənilərinə müraciət edib:

“Onlara müraciət edərək bildirdim ki, biz birlikdə yaşamalıyıq, çünki mənim evim oradadır. İndi yenə Birliyimiz adından Xankəndidəki qonşularımıza, yaşıdlarımıza, bütün ermənilərə müraciət edib deyirəm ki, biz birlikdə yaşamalıyıq. Əminik ki, çoxunuz bunu istəyirsiniz. Ötən günləri yada salın. Xankəndi Azərbaycan şəhəri idi, ancaq siz bizdən daha imtiyazlı idiniz.

Onu da demək istəyirəm ki, Azərbaycan sizə sahib çıxacaq. Sizi terrorçuların zülmündən qurtaracaq. Qorxmayın, siz də istəyinizi dilə gətirin. “Biz də Azərbaycan bayrağı altında yaşamaq istəyirik” deyin.

Vardanyana, Arayikə münasibətinizi bildirin. Arayik sizin hesabınıza dolanır. Vardanyan çirkli pulların yuyulması məqsədilə gəlib Xankəndiyə. Mən qonşu ermənilərlə danışdım. Onlar dedilər ki, Vardanyan Xankəndinin təbii sərvətlərini daşımağa gəlib”.