Xankəndi və Xocalı necə azad ediləcək? – Sensasion əməliyyat PLANIbackend

Xankəndi və Xocalı necə azad ediləcək? – Sensasion əməliyyat PLANI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində məskunlaşmış separatçıların ardıcıl təxribatlar törətməsi rəsmi Bakının adekvat addımlar atmasını zəruri edir. Xüsusilə “Qisas-2” əməliyyatının ardınca bir çox ekspertlər hesab edirlər ki, Azərbaycan yaxın vaxtlarda silahlı separaçılara qarşı antiterror əməliyyatına başlaya bilər.

Maraqlıdır, Azərbaycan indiki məqamda Xankəndi əməliyyatına başlaya bilərmi? Coğrafi olaraq əməliyyat hansı istiqamətdən keçirilə bilər?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Bakının Xankəndidəki separatizmin ləğv edilməsi istiqamətində praktiki addımlar atacağını real qəbul etmək olar, çünki hazırda bununla bağlı şərtlərin böyük ölçüdə hazırlandığı görünür:

“ABŞ Qarabağdakı erməni əhalisinin reinteqrasiyasını dəstəkləyir, bu prosesdə separatçılara yeganə seçim ya təslim olub amnistiyadan yararlanmaq, ya qaçmaq, ya da taleləri ilə barışmaqdır. Bakı beynəlxalq müstəvidə təkcə ərazi bütövlüyünün qəbul edilməsini yox, suverenliyinə qarşı təhdidləri aradan qaldırmaq istiqamətində hərəkətə keçmək hüququnu da əldə edib.

Proseslərin bu istiqamətdə inkişafı təqdirdə separatçıların bel bağladığı Rusiya müdaxilə etməyəcək: Moskvanın həm müdaxilə imkanları azalıb, həm də ruslar dəyişdirə bilməyəcəkləri reallığı qəbul edir, bu reallıqda öz maraqlarının nəzərə alınmasına çalışır. Moskvada anlayırlar ki, Bakının Qarabağ planının qarşısını ala bilməyəcəklər, bunu uzada bilərlər ki, bu da geosiyasi proseslər, xüsusilə Ukrayna müharibəsinin getdiyi vaxt Rusiya üçün o qədər də sərfəli görünmür. Rusiya Cənubi Qafqazı itirmək niyyətində deyil və bölgədə təsir imkanlarını itirməmək üçün Azərbaycan və Türkiyə ilə razılaşmalıdır. İstisna deyil ki, Qarabağdan çıxan Rusiya Zəngəzur dəhlizində, eləcə də açılacaq kommunikasiyalarda bu və ya digər formada iştirakla bölgədəki mövcudluğunu qoruyacaq.

Bütün bunların fonunda Xankəndi əməliyyatı üçün siyasi şərtlərin yetişdiyi görünür”.

Ekspert qeyd edir ki, bu istiqamətdə məcburetmə əməliyyatının keçirilməsi mümkün görünür:

“Erməni dəstələrin bəlli mövqeləri var, bu mövqelərin, eləcə də hərbi infrastrukturun məhv edilməsi həyata keçirilə bilər. Bununla da hər iki tələbin icrasına məcbur qala bilərlər. Bu müstəvidə mümkün əməliyyat coğrafiyasının əsasən Ağdərə istiqamətində olması ehtimalı var, çünki erməni dəstələrinin əsas mövqeləri buradadır, eyni zamanda, Ağdam, Şuşa, Xocavənd istiqamətində postlarının olduğu məlumatları da var. Məcburetmə əməliyyatında bir neçə komando birliyi və xüsusi təyinatlı birlik yetərlidir, o cümlədən, “Qisas-2” əməliyyatında olduğu kimi, havadan zərbələr endirilə bilər. Belə əməliyyatda əsas hədəflərdən biri də strateji mövqelərə nəzarətin bərpa edilməsidir. Bu baxımdan, Ağdərə yolunun bağlanması və Xocalının nəzarətə götürülməsi, o cümlədən, Sərsəngə nəzarətin bərpa edilməsi kimi ssenarilər mümkündür.

Lakin Qarabağda 10 minə yaxın silahlı dəstənin olduğunu və Ermənistanın öhdəliyini yerinə yetirmək, separatçıların da təslim olmaq istəmədiyini nəzərə alsaq, əməliyyatın miqyasının genişlənə biləcəyi ehtimalı da var. Bu halda Azərbaycanın bütün güc strukturlarının xüsusi təyinatlıları əməliyyata cəlb edilə bilər.

Təbii ki, Xankəndi əməliyyatı dedikdə şəhərə hərbi müdaxilə kimi başa düşülməməlidir, Azərbaycan öz vətəndaşı kimi qəbul etdiyi erməni əhalisinin təhlükəsizliyini təmin edəcək. Hərçənd, Xankəndi ətrafında separatçılara məxsus hərbi obyektlərin məhv edilməsi üçün böyükmiqyaslı əməliyyat da həyata keçirilə bilər”.