Xaricdə təhsil alan şəxslər üçün imtahan keçirildibackend

Xaricdə təhsil alan şəxslər üçün imtahan keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 1-də müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib.

Dövlət İmtahan Mərkəzindən NOCOMMENT.az-a bildirilib ki, imtahanda 104 nəfər müvəffəqiyyət əldə edib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin peşə tanınması üçün Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

Bildirilib ki, imtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında saat 11:00-da və 14:00-da olmaqla 2 növbədə keçirilib və 1 saat davam edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 286 nəfərdən 25 nəfər imtahana gəlməyib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2 və 3 avqust 2023-cü il tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) sürəti də əlavə ediməlidirlər.