Vergi ödəyicilərinin əlavə dəyər vergisinin (ƏDV) bir hissəninin geri qaytarılması prosesində daha rahat və şəffaf bir sistemə keçidini təmin etmək məqsədilə 2025-ci ildən Vergi Məcəlləsində bu mexanizmlə bağlı dəyişikliklər edilib.
NOCOMMENT.az xəbər verir ki, yeniliyi “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Səbinə Mirzəyeva şərh edir.
Vergi Məcəlləsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən ƏDV-nin bir hissəsinin geri qaytarılması (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) qaydası nağdsız qaydada ödənilmiş ƏDV məbləğinin 17,5 faizini, nağd şəklində ödənildiyi halda isə 5%-ni təşkil edir (teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə qaytarılan ƏDV məbləği istisna olmaqla).
Vergi Məcəlləsinin 165.5-ci maddəsinə edilən dəyişikliklərə əsasən, 2025-ci ilin 1 iyul tarixindən etibarən teatr tamaşaları, muzey və sərgi biletləri, simfonik orkestr, film nümayişi sahəsində alınmış xidmətlərə görə yalnız nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin geri qaytarılması mümkün olacaq. Bu zaman nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin tələblərinə cavab verməlidir. Yeniliyin əsas məqsədi ölkədə mədəniyyət və incəsənət tədbirlərinə olan marağı artırmaq, əhalini bu tədbirlərdə iştirak etməyə həvəsləndirmək və dövlət tərəfindən mədəniyyət sahəsinin inkişafına dəstək verməkdir.
Misal: Vətəndaş 2025-ci ilin sentyabr ayında simfonik orkestrin konserti üçün 59 manata nağdsız qaydada bilet alır. Bu məbləğin 50 manatı biletin dəyəri, 9 manatı isə ƏDV məbləğidir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, vətəndaş həmin ƏDV məbləğinin 50%-ni, yəni 4.5 manatını geri ala biləcək.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində alınmış mallara görə (istehsal və kommersiya məqsədləri istisna olmaqla) ödənilmiş ƏDV məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara əsasən geri qaytarılır. Həmçinin, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV məbləği geri qaytarılır. Çünki nağd ödənişlər üçün ƏDV-nin geri qaytarılma proseduru tətbiq edilmir. Bu dəyişiklik həmin şəxslərin 90 gün müddətində ölkə ərazisini tərk etdikləri halda tətbiq olunur. Xarici ölkə vətəndaşı tibbi xidmət göstərilən yerə yaxın olan xüsusi məntəqədə və ya onlayn vergiqaytarma portalı vasitəsilə ƏDV-nin geri qaytarılmasını həyata keçirə bilər. Vergi Məcəlləsində ƏDV-nin geri qaytarılması ilə bağlı edilən dəyişikliklər həm yerli, həm də əcnəbi vergi ödəyicilərinin ƏDV-ni geri almaq prosesini daha sadə və şəffaf etmək məqsədi daşıyır.\\Vergiler.az