Xarici ölkə vətəndaşları üçün işğaldan azad edilmiş ərazilərə səfər imkanları genişləndirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumat yayıb.
Bildirilib ki, 2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər. Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq.
Fərdi minik avtomobilləri ilə adıçəkilən ərazilərə səfər etmək istəyən xarici ölkələrin vətəndaşları “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalı üzərindən icazə almaqla səfərlərini reallaşdırmaq imkanı əldə edəcəklər.
Portalda xarici ölkə vətəndaşlarının pasport məlumatlarının daxil edilməsi üçün müvafiq pəncərələr yaradılıb, əlçatanlığı təmin etmək üçün portalda ingilis və rus dillərində funksionallıq təmin olunub.
Xarici ölkələrin vətəndaşları, həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.
Bununla yanaşı əcnəbilər işğaldan azad edilmiş ərazilərə qrup halında da səfər edə bilərlər. Qrup turları – Turizm Reyestrində turoperator kimi qeydiyyatdan keçmiş turizm şirkətləri tərəfindən həyata keçiriləcək.
Həmçinin bildiririk ki, yuxarıda adları çəkilən ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən xarici vətəndaşlar əraziyə giriş icazəsi əldə etmiş olacaqlar.
Rəsmiləşdirilən icazələr 5 gün müddətində etibarlı olacaq.//Oxu.Az