Təxminən 10 gün öncə “Məlhəm” hospitalda ilk övladını dünyaya gətirən Gülənay Məmmədovanın körpəsi həkim səhlənkarlığından problemli doğulub.
NOCOMMENT.az xəbər verir ki, belə bir iddia ilə Gülənay Məmmədovanın qardaşı, jurnalist Ulucay Akif sosial media hesabında yazıb.
Jurnalist körpənin beynində ciddi problemlər, sinir zədələnməsi olduğunu bildirib:
“Kompüter tomoqrafiyasının nəticələrinə görə onun həyatda qalması qeyri-mümkündür. Bunu həm “Məlhəm” xəstəxanasının həkimləri, həm də digər xəstəxanaların həkimləri təsdiq edirlər. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Amma xəstəxana israrla bizə bu zülmü yaşadır.
Doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir. 8 aylıq hamiləlik dönəmində, həmçinin “Məlhəm” hospitalında müayinələr zamanı bacıma bu cür problemlərin olduğu deyilməyib.
Ciyənin iki dəfə uşağın boynuna dolanmasını sentyabrın 3-də USM müayinəsi nəticəsində bilmişik. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə, həkim bununla bağlı ərizəçini məlumatlandırmalı və ona mümkün riskləri izah etməli idi”.
***
Bakıda yerləşən “Məlhəm” hospitalında doğulan körpənin vəziyyətinin həkim səhlənkarlığı səbəbindən ağır olması ilə bağlı deyilənlərə rəsmi reaksiya verilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq “Məlhəm Beynəlxalq Hospital” MMC-dən bildirilib ki, hospitalda doğuşu həyata keçirilmiş pasiyent Gülənay Ağayeva (Məmmədova) Akif qızının doğuşu ilə bağlı sözügedən sosial şəbəkədə yazılanlar yalandır və həqiqəti əks etdirmir.
“Gülənay Məmmədova 12.09.2023-cü il tarixindən indiyə kimi “Məlhəm Beynəlxalq Hospital” MMC-də tibb bacısı vəzifəsində işləyir. O, hospitalın fəaliyyətindən, xüsusən də doğuş şöbəsinin fəaliyyətindən bilavasitə məlumatlı olmaqla yanaşı hospitalda fəaliyyət göstərən həkimlərin, hətta doğuşu həyata keçirən həkim Pərvin Xəlilovanın peşəkarlığına əmin olduğundan ilk övladının doğuşunu məhz “Məlhəm” hospitalında həyata keçirmək qərarını verib.
Qeyd edilməlidir ki, Gülənay Ağayeva (Məmmədova) Akif qızı məsələ ilə əlaqədar hüquq mühafizə orqanlarına da müraciət edib. Bu səbəbdən də məsələ aidiyyəti hüquq mühafizə orqanları tərəfindən də araşdırılacaq.
Lakin bu araşdırmanın nəticələrini gözləmədən onun yaxınları tərəfindən hospitalı günahlandıran məlumatların sosial media vasitəsilə yayılması nəinki Gülənay Məmmədovanın səhhəti ilə bağlı müayinə və instrumental müayinələrinin nəticəsində müəyyən edilən həqiqi hallarla, hətta qanunvericiliyin tələbi ilə də ziddiyyət təşkil edir.
Məsələnin mahiyyəti ilə əlaqədar qeyd edirik ki, Gülənay Məmmədova hamiləlik müddəti boyunca müayinələrdən keçib və heç bir patologiya aşkar edilməyib. Hamiləliyin 34-cü həftəsində müayinə zamanı uşağın göbək ciyəsinin boynuna iki dəfə dolandığı müşahidə edilib. Həmçinin müayinə zamanı dölün inkişafında, qan dövranında heç bir patoloji vəziyyət aşkarlanmayıb. Hamiləliyin 37-ci həftəsində Gülənay Ağayeva (Məmmədova) hospitala sancı ilə daxil olub və 20.09.2025-ci il tarixində saat 04:10 radələrində göbək ciyəsinin uşağın boynuna iki dəfə dolanması, bir həqiqi düyünlə doğuş baş verib.
Həkim tərəfindən Gülənay Məmmədovaya doğuşun təbii üsulla keçirələcəyi təqdirdə yeni doğulmuşun səhhətində ciddi fəsadların olacağı barədə dəfələrlə bildirilib və ona qeysəriyyə əməliyyatı təklif olunub. Lakin o, doğuşdan əvvəl, yəni 19.09.2025-ci il tarixində hospitala sancı ilə müraciət etdiyi zaman yazılı surətdə qeysəriyyə əməliyyatından imtina edib.
Qeyd edirik ki, uşaq ağır asfiksiyada doğulub, doğulan kimi ağlamamış və spontan tənəffüs qeyd olunmayıb. Ambu kisəsi ilə ventilyasiya olunmasına baxmayaraq ÜVS-60 vur/dəq altında olduğu üçün körpə doğum zalında dərhal intübə olunub və ürəyin xarici masajı aparılıb. Doğum salonunda stabilizə edilən körpə dərhal reanimasiya şöbəsinə keçirilib və küvəzə yerləşdirilib. Körpənin tənəffüsü süni tənəffüs aparatında SİMV rejimində idarə olunub. Aparılan müayinələr zamanı körpədə ağır hipoksik işemik ensefalopatiyaya bağlı korteksin (kəskin nevroloji pozğunluq və qıcolmaya səbəb olan vəziyyət) və qabıqaltı nüvələrin zədələnməsi aşkarlanıb. Hazırda yenidoğulmuş hospitalda küvəz altında saxlanılır.
Göründüyü kimi sosial media şəbəkələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Hospital tərəfindən işgüzar nüfuzuna vurulmuş zərərlə bağlı müvafiq hüquqi tədbirlərin təmin edilməsi üçün zəruri prosessual tədbirlərin həyata keçirilməsinə başlanılıb”, – deyə məlumatda bildirilib.
“Məlhəm” hospitalının baş icraçı direktoru Sevda Əlizadə deyib ki, Gülənay xanım bizim tibb bacımızdır. “Xanımın övladı göbək ciyəsinin iki dəfə dolanması ilə dünyaya gəlib. Təbii doğuşa ana öz istəyi ilə gedib”.
O qeyd edib ki, doğuş vaxtı ananın gücü tükəndiyi üçün güc verməkdən imtina edib və həmin anda həkim uşağı xilas edib.
“Uşaq asfiksiya (kəskin tənəffüs çatışmazlığı) ilə doğulub və küvəzə qoyulub; intubasiya olunub, süni tənəffüs aparatına qoşulub.
Həm Gülənay xanımla, həm onun həyat yoldaşı ilə, həm də xanımın qardaşı Ulucay bəylə dəfələrlə danışmışam. Bildirmişəm ki, əgər bizdən şübhəniz varsa, haqqınız var – hüquq-mühafizə orqanlarına, Səhiyyə Nazirliyinə müraciət edin. Xəstəxana olaraq səhvimiz varsa, qanun qarşısında cavab verəcəyik. Amma hədə-qorxu, mətbuat və sosial şəbəkələr vasitəsilə təzyiq olmamalıdır. Əgər həmin orqanlar bizi günahkar sayarsa, ondan sonra siz sosial şəbəkədə paylaşa bilərsiniz”, – deyə S.Əlizadə vurğulayıb.
İcraçı direktor bildirib ki, Gülənay xanım və ailəsi uşağı süni tənəffüs aparatından ayırıb onlara verilməsini tələb edirdilər:
“Mən bildirdim ki, mənim (xəstəxananın-red.) belə bir ixtiyarım yoxdur. Nazirlər Kabinetinin beyin ölümünü təsdiq edən protokolu var. Bu protokola əsasən beyin ölümü müəyyən testlərlə təsdiqlənməlidir. Hazırda uşaqda beyin ölümü diaqnozu yoxdur, ona görə də biz uşağı aparatdan ayırıb valideynə verə bilmərik. Bu uşaq nə “Məlhəm”in, nə də valideynin şəxsi mülkiyyətidir – o, Azərbaycan vətəndaşıdır və dövlətin tənzimləmələri var. Biz buna görə dövlət qarşısında məsuliyyət daşıyırıq.
Ulucay bəy isə mənə dedi ki, bəlkə xəstəxananın marağı var, ona görə uşağı saxlayırsınız? Cavab verdim ki, əgər həkimimizin səhvi varsa, biz bunun məsuliyyətini daşımağa hazırıq, əks halda niyə uşaq orada saxlanmalıdır?”
S.Əlizadə onu da vurğulayıb ki, körpə üçün bu günə qədər ailə tərəfindən heç bir ödəniş edilməyib:
“Bugünkü gün onun xəstəxana xərci 6 155 manatdır. Ailə bu məbləgi ödəmir və uşağı dövlət xəstəxanasına köçürməmizə icazə vermir. Qanuna əsasən də biz ailənin razılığı olmadan köçürmə edə bilmərik.
Xəstəxana humanist addım olaraq bütün işçilərlə münasibətlərini qoruyur. Biz hər bir xidmət üçün maddi ödəniş alırıq və yalnız sərfiyyatı ödədikləri məbləği tələb etmişik.
Məsələn, qeysəriyyə xidmətimizin qiyməti 1 400 manatdır, Gülənay xanımdan isə yalnız dərman və sərfiyyatlar üçün təxminən 500 manat alınıb. Uşaq üçün bu günə qədər ailə tərəfindən heç bir ödəniş edilməyib.
Hazırda uşaq reanimasiyada deyil, süni tənəffüs aparata bağlı deyil, özü nəfəs alır. Uşaq burnundan zond vasitəsilə qidalanır. Uşaqda beyin zədələnməsi olduğu uçun qüsurlu olacaqdır, amma bu bizə və ailəsinə əsas vermir ki, onun yaşama şansını əlindən alaq. Əgər hər şey bu kimi davam edərsə, böyük ehtimal iki-üç gün sonra uşağı anasına təhvil verə bilərik.
Biz doğuşdan sonra Səhiyyə Nazirliyinə müraciət edib ekspert komissiyasının gəlməsini və eyni zamanda uşağın dövlət xəstəxanasına köcürülməkdə bizə köməklik göstərmələrini istəmişdik. Əgər günahımız, səhvimiz var idisə bunu niyə edirdik? Bizim məqsədimiz uşağı saxlamaq və ya gizlətmək deyil. Uşağın hazırkı vəziyyəti belədir: aparata bağlı deyil, özü nəfəs alır, əl-qolunu hərəkət etdirir, burnundan zondla qidalanır, vəziyyəti ağır deyil, amma gələcək proqnozu mütəxəssislərin qərarına bağlıdır”, – deyə S. Əlizadə bildirib.