“Xəstəxanaların idarəedilməsi” mövzusunda keçirilən təlim yekunlaşıbbackend

“Xəstəxanaların idarəedilməsi” mövzusunda keçirilən təlim yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində “Xəstəxanaların idarəedilməsi” mövzusunda keçirilən təlim yekunlaşıb.

NOCOMMENT.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları və tabeli tibb müəssisələrində çalışan xəstəxana direktorları, müavinləri Ankarada keçirilən “Xəstəxanaların idarəedilməsi” mövzusunda olan təlimdə uğurla iştirak ediblər.

Dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün Ankara Universitetində keçirilən təlim xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədini daşıyır.

Təlimdə TƏBİB əməkdaşları Elçin Ağayev, Emin Xasıyev, Pərviz Rüstəmbəyov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları və TƏBİB tabeliyində olan 12 tibb müəssisəsinin (Yeni Klinika, Abşeron, Salyan, Tərtər, Bərdə, Masallı, Zaqatala, Göygöl rayon mərkəzi xəstəxanaları, Suraxanı Tibb Mərkəzi, 2 saylı Sabunçu Doğum Evi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Respublika Klinik Uşaq Xəstəxanası) direktorları və müavinləri iştirak ediblər.

Ankara Universiteti Sağlamlıq Elmləri Fakültəsi tərəfindən təşkil edilən proqramda Əziz Ahmet Surel, İsmail Ağırbaş, Burak Civelek kimi tanınmış həkim və xəstəxana idarəçilərinin məruzələri dinlənilib. Avropanın ən böyük xəstəxanası olan Bilkent Şəhər Xəstəxanası ziyarət edilib.

Azərbaycanlı xəstəxana direktorları və müavinləri 4 qrup şəklində Bilkent Şəhər Xəstəxanasının təcili yardım bölmələrinə, poliklinikaya, reanimasiya şöbəsinə, doğum şöbəsinə baş çəkib, xəstəxananın idarəedilməsi ilə yerində tanış olublar.

Təlimin bağlanış mərasiminə onlayn qatılaraq çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində idarəetmənin təkmilləşdirilməsi baxımından təlimin vacibliyini vurğulayıb, Azərbaycanda tibbin inkişafı istiqamətində ixtisaslı kadrların təcrübə mübadiləsinə cəlb olunmasının əsas hədəflərdən biri olduğunu bildirib:

“Tibb müəssisələrinin idarəedilməsi çətin və mürəkkəb bir məsələdir. Səhiyyə ilə bağlı məlumatlılığın və ictimai gözləntilərin yüksəlməsi səhiyyə xidmətlərinə tələbatı artıraraq, qabaqcıl texnologiyaların tibdə tətbiqinə və xərclərin uğurla idarə edilməsinə zərurət yaradıb. Belə təlimlərin keçirilməsi də tibb müəssisələrinin rəhbərlərinin effektiv idarəetmə sahəsində nəzəri və praktik biliklərini artırmış olur. Çünki bu istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsi və ölkə səhiyyəsində tətbiq olunması olduqca vacib məsələlərdəndir. İnanıram ki, xəstəxana rəhbərləri təlimdən əldə etdikləri bilikləri öz fəaliyyətlərində uğurla tətbiq edəcək və daha səmərəli idarəetmə üsullarından istifadə etməklə rəhbərlik etdikləri tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün səylərini əsirgəməyəcəklər. Bütün bunlar vətəndaşların keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsi üçün görülən işlərin tərkib hissəsidir”.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.