Patrul.az-a daxil olan məlumata görə, Bakı şəhəri, Babək prospekti 92 ünvanında yerləşən çoxmərtəbəli binada sakinləri narahat edən təhlükəli vəziyyət yaranıb. Bildirilir ki, binanın birinci mərtəbəsində yerləşən sahə sonradan obyektə çevrilmək məqsədilə qanunsuz şəkildə yenidən qurulub və bu zaman daşıyıcı divarların əhəmiyyətli hissəsi kəsilib.
Sakinlərin sözlərinə görə, daşıyıcı konstruksiyaların zəiflədilməsi binanın ümumi dayanıqlığına ciddi zərbə vurub. Artıq bir neçə mənzildə, xüsusilə sanitar qovşaqlarda çatlar əmələ gəlib, plitə və kafellər qoparaq tökülməyə başlayıb. Bu vəziyyət binanın konstruktiv bütövlüyü üçün real təhlükə yaradır və hər an daha ciddi problemlərin baş verməsi ehtimal olunur. Sakinlər aidiyyəti qurumlardan məsələyə dərhal müdaxilə edilməsini tələb edirlər.
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Fövqəladə Hallar NazirliyindənPatrul.az-ın sorğusuna cavab olaraq bildirilib ki:
“Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 92 ünvanında yerləşən binaya Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. Müəyyən edilib ki, doqquzmərtəbəli bina ötən əsrin 80-ci illərində inşa olunub. Həqiqətən də binanın birinci mərtəbəsində yerləşən 145 nömrəli dördotaqlı mənzilin arakəsmə divarları sökülərək yerləri dəyişdirilmiş, küçə tərəfə mövcud pəncərə boşluqları böyüdülərək vitraj tipli şüşə quraşdırılmışdır.
Qeyd edilən mənzildə aparılmış yenidənqurma işlərinin qanunauyğunluğunun araşdırılması, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, binanın dayanıqlığının və təhlükəsiz istismarının, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün tərəfimizdən aidiyyəti üzrə rəsmi qaydada yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarına müraciət edilmişdir.”












