Bir neçə gün öncə, Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Lütfi Zadə küçəsində “Ağ Amerika” kəpənəyinin yayılması, ətrafdakı ağaclara ziyan vurması, hətta evlərə dolması barədə məlumat yaymışdıq. Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirilmişdi ki, müraciət əsasında ərazi nəzarətə götürülüb.
Bu gün idarə əməkdaşı əraziyə gəlib, bir sakinin həyətyanı sahəsini dezinfeksiya edib.
NOCOMMENT.az xəbər verir ki, sakinlər yenidən Pravda.az-a müraciət edərək bildiriblər ki, digər zərərçəkən vətəndaşlara yardım göstərilməyib. Onlara deyilib ki, dezinfeksiya məqsədli məhlul çatışmır.
Sonradan sakinlərlə “razılaşma” əldə olunub, ərazi müyyən formada dezinfeksiya olunub.
Dövlət bu istiqamətə yüz minlərlə vəsait ayırır. Bu, keçirilən tenderlərdən də bəllidir. Ortaya qoyulan fəaliyyət isə bərbaddır, vətəndaş işin keyfiyyətli aparılması üçün məcbur olur ki, ənənəvi qaydalardan, yəni “hörmət”dən istifadə etsin. Bir ərazi ilə bağlı mətbuatdan ünvanlanmış sorğu əsasında atılan addımlar bu cürdürsə, digər ərazilərin vəziyyəti aydın olur. Bər-bəzəkli, foto çəkdirmək xatirinə görülən işlər dövləti aldatmaqdan başqa bir şey deyil.
Qeyd: Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Mirdaməd Seyidovdur. M.Seyidovun adını “Google” platformasında yazıb, məlumatlarla, hansı işlərlə məşğul olduğu barədə tanış olmaq mümkündür.