Xəzər dənizinə şübhəli əşyalar atanlar tutuldularbackend

Xəzər dənizinə şübhəli əşyalar atanlar tutuldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Baş Komanda-nəzarət mərkəzinə Xəzər dənizinin mərkəzi istiqamətində kiçikhəcmli üzmə vasitəsinin günün qaranlıq vaxtında rejim qaydalarını pozması və qanunsuz fəaliyyətlə məşğul olması barədə məlumat daxil olub.

DSX-nin Mətbuat Mərkəzindən NOCOMMENT-ə verilən məlumata görə, naməlum qayığın axtarışı və saxlanılması məqsədi ilə dövlət sərhədinin mühаfizəsində olan sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilmiş və texniki müşahidələr gücləndirilib.

Həyata keçirilən tədbirlər nəticəsində Bəndovan reydində sahildən 21 mil məsafədə aşkarlanan qayığın təqibi zamanı içərisindəki 2 nəfərin dənizə şübhəli əşyalar atmaları müşahidə edilib.

Sərhəd gəmisi tərəfindən qayıq saxlanılıb, “QO-1505” bort nömrəli üzmə vasitəsini qeyri-qanuni idarə edən şəxslərin Neftçala rayon sakinləri, 1975-ci il təvəllüdlü Süleymanov Ağakişi İrəvan oğlu və 1978-ci il təvəllüdlü Manafov Firdovsi Səmədağa oğlu olmaları müəyyən edilib.

Dənizə atılmış əşyaların axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində ərazidə aşkar edilən 3 bağlamaya baxış zamanı ümumilikdə 2700 ədəd qanunsuz balıqovlama vasitəsi olan qarmaq, müxtəlif növ spirtli içkilər, ətriyyat aşkarlanaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.