Xəzər dənizinin səviyyəsi 18 metr enə bilərbackend

Xəzər dənizinin səviyyəsi 18 metr enə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əsrin sonunadək Xəzərin səviyyəsi gözlənilən qlobal istiləşmə səbəbinə görə bugünkü səviyyə ilə müqayisədə doqquz və ya 18 metr aşağı düşə bilər”.

NOCOMMENT-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib.

Onun sözlərinə görə, bu gün qlobal istiləşmə ilə bağlı Azərbaycanda da bir çox problemlər meydana çıxıb: “Onlar arasında su çatışmazlığı, kənd təsərrüfatı məhsuldarlığına təsir, quraqlıq, dənizsahili ərazidə iqlim dəyişmələrinin təsiri ilə bağlı meydana çıxan problemlər və sairdir.

Dünyanın ən qədim su hövzələrindən olan Xəzər dənizinin səviyyəsinin tərəddüdləri son illərdə ən çox müzakirə edilən məsələlərdəndir. Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan bu dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi bildirilir.

Sözsüz ki, bütün bunların sonda dənizin ekosisteminə, Xəzəryanı ölkələrin isə ətraf mühitinə və iqtisadi həyatına ciddi təsir göstərəcəyi də istisna edilmir.

Ötən əsrin 30-cu illərindən 1977-ci ilədək Xəzərin səviyyəsi üç metr aşağı düşərək son 400 ilin ən minimal hüduduna (-29 m) çatıb. Lakin 1977-ci ildən 1995-ci ilədək səviyyə 2.5 metr qalxaraq, 1995-ci ildə -26.5 metrə yaxın olub. Bu zaman bir çox ərazilər su altında qalıb və təsərrüfat sahələrinə ciddi ziyan dəyib”.

O qeyd edib ki, son 25 il ərzində qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində səviyyə yenidən aşağı enərək -28 metr olub: “İqlim dəyişmələrinə dair ssenarilərdə isə gələcəkdə havanın temperaturunun və buxarlanmanın artması nəticəsində səviyyənin daha da aşağı düşməsi gözlənilir.

Alman və niderlandlı alimlər tərəfindən aparılan tədqiqatlara görə, müxtəlif ssenarilərə əsasən, əsrin sonunadək Xəzərin səviyyəsi gözlənilən qlobal istiləşmə ssenarilərinə görə bugünkü səviyyə ilə müqayisədə daha 9 və ya 18 metr aşağı düşə bilər.

Həmin tədqiqatlara görə, ölkələr 2015-ci ildə imzalanmış istilik effekti yaradan qazların atmosferə atılmasının azaldılmasına dair Paris Razılaşmasının tələblərinə əməl etməklə temperatur artımını məhdudlaşdırarsa, Xəzərin səviyyəsi əsrin sonunadək yalnız doqquz metr enər. Əks halda isə dənizin səviyyəsi 18 metr aşağı düşə bilər”.

“Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən də gələcəkdə səviyyənin müxtəlif dərəcələrdə düşməsi proqnozlaşdırılır. Gələcəkdə səviyyənin enməsi həm ekoloji baxımdan, həm də iqtisadi və siyasi baxımdan ciddi problemlər yarada bilər.

Məsələn, dənizin Şimal hissəsində böyük ərazi quruya bilər, bunun isə sahilyanı ekosistemə ciddi təsiri olar və rekreasiya və turizm sahəsində, sahilyanı ərazidə yerləşən infrastrukturun fəaliyyətində ciddi çətinliklər yarana bilər. Bu proses eyni zamanda biomüxtəlifliyə mənfi təsir edə və dəniz canlılarının populyasiyalarının ciddi azalmasına gətirə bilər.

Xüsusilə də, Qızılağac körfəzində və digər sahələrdə bataqlıqların quruması köçəri quşların miqrasiyasında ciddi problemlər yarada bilər”.