Xəzər sahillərinin zəbt edilməsində adı hallanan iş adamı mediadan yazıları çıxartdırırbackend

Xəzər sahillərinin zəbt edilməsində adı hallanan iş adamı mediadan yazıları çıxartdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə saytımızda “Xəzəri zəbt edən milyonçuların hasarları sökülür” başlıqlı, “Türkandakı torpaq mafiyası ilə əlaqədar aparılan istintaqa daha bir neçə tanınmış iş adamının adı qarışıb” altbaşlıqlı yazı getmişdi.

NOCOMMENT.az xəbər verir ki, musavat.com-a istinadən verilən sözgedən yazıda Bakının Türkan qəsəbəsində 81 yaşlı Əzizəxanım Atayevanın və 91 yaşlı Xumara Şabanovanın bağ torpaq sahələrinin tanınmış iş adamı, “Bridge Plaza”nın sahibi, “Bridge Group of Companies” Müşahidə Şurasının sədri Yaqub Hüseynov tərəfindən ələ keçirilməsinin araşdırılmasına dair material yer almışdı.

Yazıda həmçinin Xəzər Rayon Prokurorluğunda cinayət işinin başlanıldığı, ardından iş materiallarının Bakı Şəhər Prokurorluğuna göndərildiyi də qeyd olunmuşdur.

Həmçinin istintaq zamanı cinayətin qrup şəklində törədilməsi və Əzizəxanım Atayeva və Xumara Şabanovadan savayı 10-a yaxın Türkan sakininə qarşı analoji cinayət törədilməsinə dəlalət edən faktların da ortaya çıxdığı göstərilmiş, bundan sonra iş materiallarının Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə göndərdiyi bildirilirdi.

İş adamı Yaqub Hüseynov
İş adamı Yaqub Hüseynov

Ötən günü redaksiyamıza özünü iş adamı, adı vətəndaşların Xəzər sahilindəki torpaqlarının ələ keçirilməsində hallanan “Bridge Group of Companies” Müşahidə Şurasının sədri Yaqub Hüseynovun hüquqşünası kimi təqdim edən Əziz Məmmədli zəng edərək yazının mənbəyi olan müsavat.com saytından çıxarıldığı və bu səbəbdən də NoComment.az saytından da yazının çıxarılması tələbi ilə çıxış edib.

İş adamının hüquqşünası mənbədən yazının çıxardılmasını əsas gətirərək sözügedən yazının istinadla getmiş digər media orqanlarından da çıxardılması prosesinə başlayıb.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məsələni diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa həqiqətin ortaya çıxmasına dəstək verməyə hazırıq. 

NOCOMMENT.az