XİN-in Eldar Həsənovdan TƏLƏBİ – Onun əmlakı da müsadirə oluna bilər – SİYAHIbackend

XİN-in Eldar Həsənovdan TƏLƏBİ – Onun əmlakı da müsadirə oluna bilər – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Anar Nəsibov sabiq səfir, eks-baş prokuror Eldar Həsənova 11 illik həbs cəzası tələb edib.

NOCOMMENT.az xəbər verir ki, dövlət ittihamçısı həmçinin, sabiq səfirin əmlakının müsadirə edilməsini də istəyib.

Belə ki, prokuror Anar Nəsibov bildirib ki, Eldar Həsənovun Sabunçu rayonu, Nardaran qəsəbəsindəki bağ evi və torpaq sahəsi, Nəsimi rayonunda yerləşən mənzili, Nərimanov rayonunda yerləşən mağazası, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi, Xətai rayonunda yerləşən fərdi yaşayış evi, həmçinin, Monteneqroda yerləşən mənzil müsadirə edilməlidir.

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi isə məhkəmədə çıxış edərək, Eldar Həsənovdan 18 milyon 500 min manatın ödənilməsini istəyib.

Xatırladaq ki, bugünkü məhkəmədə Eldar Həsənovun vəkilləri müdafiə çıxışı üçün vaxt istəyiblər.

Eldar Həsənov 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.

2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

Baş Prokurorluğun İstintaq İdarəsi 2020-ci il avqustun 13-ü Bakıda tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması ittihamları irəli sürüb. Eldar Həsənov ittihamları rədd edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov 2021-ci il sentyabrın 3-dən mühakimə olunur. Məhkəmə sədrinin müavini Əfqan Hacıyevin apardığı prosesdə Eldar Həsənovun hüquqlarını dörd vəkil qoruyur: Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehralıyev.