XİN məlumat yaydıbackend

XİN məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

5 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində virtual formatda həyata keçirilən Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi öz işini yekunlaşdırıb. QH tarixində ilk dəfə baş tutan tədbirdə 4 qitədən, 39 QH üzv dövlətini təmsil edən 60 gənc iştirak edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin məlumatında deyilir.

1 mart tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi tərəfindən Məşğələ iştirakçılarına Qoşulmama Hərəkatı, onun ideoloji əsasları və fəaliyyət prinsipləri, eləcə də diplomatik yazışma və danışıqlar praktikası barədə məlumat verilmişdir. Həmin gün keçirilmiş mədəniyyətlərarası tədbirdə iştirakçılar öz milli mədəniyyətlərini təbliğ edən təqdimatlarla çıxış ediblər.

2 mart tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və BMT Baş katibinin gənclər üzrə xüsusi elçisi Cayatma Vikramanayakenin açılış bəyanatları ilə tədbirin rəsmi açılış mərasimi baş tutub.

2-5 mart tarixlərində Məşğələ iştirakçıları, yaşadıqları ölkələrin saat qurşağına müvafiq olaraq regional qruplar formatında COVID-19 pandemiyası dövründə, habelə pandemiya sonrası şəraitdə yaranan fəsadların aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparıb, habelə təmsilçiliyi onlara həvalə olunan ölkələrin adından təkliflər hazırlayıb və tam tərkibdə keçirilən plenar iclaslarda sözügedən məsələlərə dair öz təkliflərini qaldırıb, yekun sənədin hazırlanmasına öz töhfələrini veriblər. Məşğələ müddətində baş verən hadisələrin işıqlandırılması məqsədilə hər günün yekununda mətbuat orqanlarının təmsilçiləri rolunda olan iştirakçıların hazırladıqları materialların təqdimatı ilə xəbərlərin gündəlik buraxılışları yayımlanıb. Məşğələnin yekununda QH-nin hazırki sədri olan Azərbaycan Respublikasının təmsilçisi tərəfindən, aparılan müzakirələrin əsasında yekun sənəd hazırlanıb, razılaşdırılıb və yekdilliklə qəbul olunub.

Tədbirin 5 mart 2021-ci il tarixində baş tutan bağlanış mərasimində Azərbaycan Respublikası XİN-in nümayəndəsi çıxış edərək tədbir iştirakçılarına fəal iştiraklarına görə minnətdarlıq bildirib, iştirakçıların bundan sonra da QH gənclərinin şəbəkəsini təşkil edərək Hərəkatın gündəliyindən irəli gələn məsələlərə dair gənclərin baxışlarını təqdim edəcəklərinə ümid etdiyini bildirib.

Məşğələ iştirakçıları QH tarixində ilk təcrübə olan bu Simulyasiya Məşğələsinin uğurlu təşkilinə görə Azərbaycan sədrliyinə öz təşəkkürlərini bildirib və QH gənclərininşəbəkələndirilməsi istiqamətində Azərbaycan sədrliyinin səylərinə öz dəstəklərini ifadə edərək həmin çərçivədə fəaliyyət göstərməyə davam etməyə hazır olduqlarını vurğulayıblar.

Sonda iştirakçılar tədbirdə aktiv iştiraklarına görə Qoşulmama Hərəkatının sədrliyi qismində Azərbaycan Respublikası XİN-in sertifikatları ilə təltif ediliblər.