Xınıslı kəndinin “keçilməz” yolları – Kürdəmirdən REPORTAJbackend

Xınıslı kəndinin “keçilməz” yolları – Kürdəmirdən REPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirin Xınıslı kəndində illərdir həllini gözləyən yol problemi əhalinin qayğılarını daha da artırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə report-un Yuxarı Şirvan bürosuna müraciət edən kənd sakinləri bildiriblər.

Onların sözlərinə görə, kəndin yolu elə bərbad vəziyyətə düşüb ki, qışda palçıq, yayda isə toz-torpaq səbəbindən orada hərəkət etmək artıq imkan xaricindədir. Yolun sıradan çıxması səbəbindən Xınıslı kəndinə nə taksi, nə də təcili tibbi yardım maşınları gələ bilir. Hətta bəzən valideynlər yolun “keçilməzliyi” üzündən övladlarını məktəbə ya qucaqlarında, ya da minik heyvanları ilə aparmaq məcburiyyətində qalırlar.

Sakinlər deyiblər ki, onları narahat edən yol problemi ilə əlaqədar rayonun aidiyyəti qurumları qarşısında dəfələrlə məsələ qaldırsalar da, bu günə qədər heç bir addım atılmayıb. Kənd yolunun sonuncu dəfə asfaltlanması isə uzaq sovet dövrünə təsadüf edir.

Qeyd edilib ki, Xınıslı kəndi ilə Kürdəmirin rayon mərkəzi arasında məsafə təqribən 15 kilometrdir. Həmin yolun 12 kilometrlik hissəsi Bakı-Qazax magistralının, 3 kilometri isə kənd yolunun payına düşür. Nə qədər təəccüblü olsa da, kənd sakinləri hər gün vurğulanan 12 kilometrlik yolla rayon mərkəzinə cəmi 10-15 dəqiqəyə gedib-gəldikləri halda, 3 kilometrlik kənd yolunu 30-35 dəqiqəyə qət edirlər.

Yolun bərbad vəziyyətə düşməsi sakinləri narahat etməklə yanaşı, onları hər gün əlavə xərcə salır. Onlar rayon mərkəzinə gedib-gəlmək üçün taksilərə iki-üç dəfə artıq pul ödəməli olurlar. Digər tərəfdən, yolun bu vəziyyətdə olması sakinlərə məxsus avtomobillərdə də tez-tez təkrarlanan fəsadlar yaradır.

Xınıslı kəndinin yol problemi ilə bağlı “Report”un yerli bürosuna açıqlama verən Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının Tikinti və Memarlıq şöbəsinin aparıcı məsləhətçisi Əziz Hacı bildirib ki, ümumiyyətlə, yalnız Xınıslı yox, rayonun Sığırlı, Muğanlı, Qarabucaq, Qurdbayram kəndlərinin, həmçinin Qarabucaq qəsəbəsinin yollarının vəziyyəti Kürdəmir Rayon İcra Hakimiyyətinin nəzarətindədir.

Ə.Hacı əlavə edib ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təqdim olunmuş təkliflər Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən artıq təsdiqlənib. Həmin proqram əsasında vəsait ayrılacağı təqdirdə, rayonun doqquz yaşayış məntəqəsini əhatə edən 36 kilometrlik Sığırlı-Xınıslı-Muğanlı-Qurdbayram avtomobil yolunun yenidən qurulması, eyni zamanda, Xınıslı kənd yoluna asfalt örtüyünün çəkiləcəyi nəzərdə tutulub.