Xocavənd rayonunun Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
DİN-dən NOCOMMENT.az-a verilən məlumata görə, onun yaşadığı evə baxış zamanı 2 “Kalaşnikov” avtomatı, 1 “İJ” markalı ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron aşkarlanaraq götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, R.Salahov silah-sursatı rayonda aparılan tikinti və yenidənqurma işləri zamanı tapıb və satış məqsədilə evində gizlədib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə təhlükəsizliyin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.