“Xoxan, iynə vuran, it…” – VALİDEYNLƏR, DİQQƏT!backend

“Xoxan, iynə vuran, it…” – VALİDEYNLƏR, DİQQƏT!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bizim mədəniyyətdə uzun illərdir uşaqları “xoxan”, “iynə vuran həkim”, “it” kimi qorxulu obrazlarla sakitləşdirmək və ya itaətkar etmək adət halını alıb. Bir çox valideyn bunu ənənəvi bir üsul kimi görür, bəzən də “başqa yolumuz yoxdur” deyərək haqlı çıxmağa çalışır. Lakin müasir psixologiya göstərir ki, qorxutmaqla tərbiyə qısa müddətli effekt versə də, uşağın psixikasında dərin və uzunmüddətli izlər buraxa bilər”.

NOCOMMENT.az bildirir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında uşaq psixoloqu Zeynəb Əyyubova qeyd edib. O, fikirlərinə belə davam edib:

“Uşağın psixoloji inkişafında valideynin rolu yalnız qayda qoymaq və davranış formalaşdırmaqla məhdudlaşmır. O, eyni zamanda uşağın ən güvənli məkanı, ilk sosial münasibət nümunəsidir. Uşaq dünyanı valideynin davranış və münasibəti ilə tanıyır. Valideynin qorxutma üsuluna əl atması bu güvənli məkana zərbə vurur. Uşaqda daxildə belə bir mesaj formalaşır: “Məni qoruyan insan eyni zamanda təhlükə barədə xəbərdarlıq edir”. Bu çaşqınlıq gələcəkdə həm valideynlə münasibətə, həm də digər insanlara inama təsir edir.

Qorxu üzərində qurulan davranış yalnız nəzarət olduğu müddətdə işləyir. Uşaq qorxduğuna görə susur, itaət edir, amma bunu niyə etməli olduğunu anlamır. Nəticədə, nəzarət bitən kimi o ya üsyankar olur, ya da həddindən artıq qorxaq və özünə güvənsiz bir şəxsiyyətə çevrilir. Üstəlik, qorxu ilə verilən mesajlar spesifik fobiyalara da yol aça bilir: həkim qorxusu, iynə qorxusu, heyvan qorxusu və s. Bu isə təkcə uşaqlıq dövründə deyil, böyüklükdə də sosial həyatına, sağlamlıq davranışlarına və özgüvəninə mənfi təsir göstərir”.

Psixoloq vurğulayıb ki, sağlam tərbiyənin əsasında isə qorxu yox, hörmət və güvən dayanmalıdır:

“Uşağın davranışını idarə etməyin ən təsirli yolu onun hisslərini anlamaq, adlandırmaq və ona sərhədləri aydın şəkildə göstərməkdir. Məsələn, “Sən indi əsəbləşmisən, amma bu davranış təhlükəlidir” kimi yanaşmalar uşağın həm hisslərini tanımasına, həm də qaydaları qorxudan deyil, anlamadan qəbul etməsinə kömək edir. Uşağa seçim imkanı vermək, diqqətini müsbət istiqamətə yönəltmək, davranışlarını müsbət möhkəmləndirməklə idarə etmək qorxutmaqdan qat-qat effektivdir.

Valideynlər bilməlidirlər ki, qorxu uşağı tərbiyə etmir, sadəcə müvəqqəti susdurur. Uzunmüddətli sağlam tərbiyə üçün sevgi, anlayış, güvən və sərhədlərin aydın qoyulması vacibdir. Uşaq özünü güvəndə hiss etdikcə, valideynin dediklərini daha çox qəbul edir, qaydaları qorxudan deyil, daxili motivasiyadan əməl etməyə öyrənir. Bu isə gələcəkdə güclü, sağlam, emosional cəhətdən balanslı və özünə inanan bir şəxsiyyətin formalaşmasına zəmin yaradır”.