Yanacağa qənaət edən avtomobillərə keçid sürətlənəcək – AÇIQLAMAbackend

Yanacağa qənaət edən avtomobillərə keçid sürətlənəcək – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı Azərbaycanda AVRO-5 standartları ilə istehsal olunan benzin və dizelin qiyməti Tarif Şurası tərəfindən tənzimlənib. Beləliklə, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymətlərin tənzimlənməsi enerji təhlükəsizliyinin dayanıqlığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldaraq istismar müddətini uzadacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri İlkin Axundov azərtac-a açıqlamasında bildirib ki, Azərbaycanda AVRO-5 standartları ilə istehsal olunan benzin və dizelin qiymətinin tənzimlənməsi bir sıra qlobal tendensiya, ekoloji və iqdisadi amillərlə bağlıdır. Onun sözlərinə görə, hazırda araşdırmalar göstərir ki, ətraf mühitin çirklənməsinin böyük bir hissəsi, nəqliyyat vasitələrinin müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazların payına düşür.

“Hazırda əksər ölkələrdə Aİ-92 markalı benzin, ümumiyyətlə istehsal olunmur və satılmır. Benzinlə müqayisədə dizel yanacağının daha böyük ekoloji zərər potensialı nəzərə alınaraq, dizelin qiyməti bir çox ölkələrdə elə tənzimlənir ki, bazarda benzindən daha baha olsun. Başlıca hədəf havanın çirklənməsi və ekoloji vəziyyəti nəzərə alaraq, dünya ölkələrində elektrik mühərrikli nəqliyyat vasitələrinə keçidi sürətləndirməkdir. Nəqliyyat vasitələrinin zərərli emissiyalarının ətraf mühitə mənfi təsirinin azaldılması üçün, mütləq olaraq yanacağın keyfiyyətinin artırılmasına zərurət var ki, bu baxımdan da AVRO-5 müasir standartlara uyğun hesab edilir. Bu standart, yanacağın maksimal dərəcədə yanmasını, mühərrikdə və yanacaq sistemində xoşagəlməz halların azalmasını, yanacaq istehlakının azaldılmasını və avadanlığın daha uzunömürlü olmasını təmin edir”,- deyə İ.Axundov vurğulayıb.