“Nəyə görə Azərbaycan növbədənkənar seçkilərə getdi” sualı çox maraqlı olsa da, bu barədə hələlik dəqiq bir şey deyə bilmərəm. Ancaq cənab Prezident sərəncam imzalayıbsa və seçkilər təyin olunubsa, deməli, belə də lazımdır”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hakim Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Elman Məmmədov deyib.
O, 7 fevral 2024-cü ildə ölkədə keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkilərindən, habelə hakim partiyanın bununla bağlı mövqeyindən söz açıb.
Milli Məclis üzvünün fikrincə, YAP bu seçkilərə gedəcək və həmişə olduğu kimi, yenə də qalib olacaq:
“Bəri başdan hər kəs bu barədə fikrini səsləndirsə də, mənim bu mövzu ilə əlaqədar fikrim fərqlidir. 30 ildən çox işğal altında olan Azərbaycan torpaqlarını azad etməyi bacaran qalib, müzəffər Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevi mən bu seçkilərdə qalib görmək istəyirəm. Qəti surətdə əminəm ki, belə də olmalıdır və olacaq. Nəticədə İlham Əliyev yenidən Prezident seçiləcək. Çünki bu, mənim istəyim və arzumdur”.
“Təbii ki, hər seçkidə iştirak edən siyasi partiyaların və namizədlərin seçki proqramları və platformaları olur. Yəqin ki bu seçki öncəsi də seçkidə iştirak edəcək tərəflər, o cümlədən biz də hakim partiya olaraq proqramımızı bəyan edəcəyik. Bu proqram da ancaq inkişaf və doğru addımlardan ibarət ola bilər. Biz yeniliklər və islahatları proqramımızda göstərəcəyik”, – deyə YAP-çı deputat fikirlərini tamamlayıb.