KoronaVirus İnformasiya Portalı
YAP daxilində islahat tələbi: Ağsaqqallar klubu prosesi ləngidirbackend

YAP daxilində islahat tələbi: Ağsaqqallar klubu prosesi ləngidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 2018-ci ildə başlayan islahatlar passivliyi ilə seçilən dövlət qurumlarının əksəriyyətini işlək hala gətirib. Hakim komandada baş verən keyfiyyət dəyişikliyi ölkənin ictimai-siyasi həyatında ciddi dəyişikliklərə səbəb olub. Yeni dövrün tələblərinə cavab verməyən, çağırışlarla ayaqlaşmayan məmurlar bir-birinin ardınca sıradan çıxır, sovetdənqalma, lazımsız qurumlar struktur islahatları nəticəsində ləğv olunur.

NOCOMMENT yenisabah-a istinadən bildirir ki, “islahat dalğası” ölkənin siyasi həyatında canlanmaya səbəb olub. İqtidar-müxalifət münasibətləri getdikcə sivil məcraya yönəlməkdədir. Prezident Administrasiyasının rəsmisi Ədalət Vəliyevin siyasi partiya liderlərilə görüşləri münasibətlər sistemində ciddi dəyişikliklər yaradıb. Dialoq mühitinin yaranması islahatların uzunömürlü olacağına və davamlı xarakter alacağına inamı artırıb.

Hakim komandada baş verən dəyişikliklər yeni dövrün ən mütərəqqi hadisəsi sayılır. Rüşvətxor və korrupsioner məmurların bir-birinin ardınca iqtidar düşərgəsindən uzaqlaşdırılması ictimai rəydə müsbət assosiasiya doğurub. Göstərilən etimadı doğrultmayan, dövlət vəsaitini səmərəsiz xərcləyən vəzifəli şəxslərlə qarşı hüquqi müstəvidə addımların atılması cəmiyyət tərəfindən təqdirlə qarşılanır. Prezident İlham Əliyevin vəzifə cinayətlərinə yol verən məmurların bundan sonra da cəzalandırılacağını dəfələrlə bəyan etməsi bu prosesin dönməz xarakter aldığını söyləməyə əsas verir.

Diqqətçəkən məqam hakim Yeni Azərbaycan Partiyasının bu proseslərdən kənarda qalmasıdır. YAP-ın ölkənin siyasi həyatındakı rolu getdikcə azalır. Hakim partiyanın varlığını belə hiss etdirməyə çətinlik çəkdiyi aşkar müşahidə olunur. Bu üzdən də YAP-ın proseslərin arxasınca süründüyünə dair şərhlərin sayı getdikcə artır. Hətta hakim partiyanın daxilində də narazı səslər eşidilməyə başlayıb. İndi təkcə partiya rəhbərliyindən narazı olan “köhnə qvardiya” təmsilçiləri deyil, gənc YAP-çılar da üzvü olduqları partiyanın çağırışlara cavab vermədiyini dilə gətirirlər. Bu isə YAP-da da dəyişikliklərin olacağını düşünməyə əsas verir.

Hakim partiyanın aparıcı funksionerlərindən biri bizimlə söhbət zamanı son vaxtlar mətbuata yol tapan bu versiyaların yaşamaq hüququnun olduğunu dedi. Qeyd etdi ki, YAP yeniləşmə prosesindən kənarda qala bilməz: “DTX-nın həbs etdiyi sabiq icra başçılarının siyasi mənsubiyyətinin tez-tez qabardılması partiyamızın nüfuzuna ciddi zərbə vurub. Əleyhdarlarımız YAP-da korrupsionerlər ordusunun toplaşdığına dair rəy yaratmağa çalışırlar. Belə həssas məqamda İcra katibinin müavini postunu tutan deputat Siyavuş Novruzovun Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakı və mətbuata verdiyi açıqlamalar bizi çıxılmaz vəziyyətdə qoydu. YAP yeni dövrün çağırışlarına cavab verməyən funksionerlərlə vidalaşmağa məhkumdur”.

Mənbə qeyd edib ki, hazırda YAP-ın elitası “təqaüdçülər klubu”nu xatırladır. Başda Əli Əhmədov olmaqla hakim partiyanın aparıcı funksionerlərinin və İdarə Heyəti üzvlərinin böyük əksəriyyəti təqaüd yaşını arxada qoyub. Üstəlik, onların çoxu mühüm dövlət vəzifəsi tutduqları üçün partiya fəaliyyətilə məşğul olmağa vaxt tapmırlar. Bu isə üzvlərlə rəhbərlik arasındakı rabitənin qırılmasına səbəb olub. Bu və yuxarıda sadalanan digər faktorlar YAP-da dəyişikliyi qaçılmaz edib.

Siyasi analitiklər də YAP-da yeniləşməni vacib hesab edirlər. Onların qənaətinə görə, qoca funksionerlərdən təşkil olunmuş YAP rəhbərliyi gənc və enerjili iqtidar komandası ilə ayaqlaşmağa çətinlik çəkir. Bu isə o deməkdir ki, YAP-ın stajlı funksionerlərini tezliklə “təqaüdçülər klubu”nun üzvləri arasında görmək mümkün olacaq.