Yaponiyada hər il reaksiyalara səbəb olan ənənəvi “delfin ovu” mövsümü başlayıb. Delfinlərlə yanaşı balinaları da ovlayacaq balıqçıların mövsümün sonuna qədər 9 növdən olan təxminən 1800 dəniz məməlisini öldürəcəyi gözlənilir.
NOCOMMENT xəbər verir ki, Yaponiyada ənənəvi delfin balıq ovu mövsümü dünən Vakayama prefekturasının Taiji balıqçı qəsəbəsində başlayıb.
Bəzi heyvan hüquqları müdafiəçilərinin reaksiyalarına baxmayaraq, yerli vaxtla saat 05:00 radələrində 11 balıqçı qayığı sahildən təxminən 10 kilometr aralıda delfin və balina axtarışına başlayıb.
İsana Balıqçılıq Kooperativindən əldə edilən məlumata görə, balıqçılar mövsümün ilk günü limana əliboş qayıdıblar. Vakayama əyaləti delfin ov mövsümünün fevralın sonuna qədər, balina ovu mövsümünün isə aprelin sonuna qədər davam edəcəyini bəyan edib.
Balıqçıların qanuni icazələr çərçivəsində mövsüm ərzində 9 müxtəlif növdən təxminən 1800 delfin və balinanı tutması və ya öldürməsi gözlənilir.