Yaşayış minimumu 205 manat olacaq: Bu pula dolanmaq olarmı? – HESABLAMAbackend

Yaşayış minimumu 205 manat olacaq: Bu pula dolanmaq olarmı? – HESABLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 2022-ci ilin dövlət büdcəsində əhali üçün yaşayış minimumu 205 manat məbləğində müəyyən edilib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu məbləğ 2021-ci illə müqayisədə 9 manat və ya 4,6% çoxdur.

Məlumat üçün bildirək ki, yaşayış minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilən toplusudur.

Bu səbəbdən də istehlak məhsullarının (ərzaq və qeyri-ərzaq malları) və xidmətlərin qiymətindəki artımlar (inflyasiya) minimum istehlak səbətinin dəyərini də artırır.

Açıqlanan sonuncu rəsmi məlumata görə, 2021-ci ilin ilk 9 ayında istehlak məhsullarının qiyməti 5,2% artıb. Təbii qaz və elektrik enerjisi tariflərinin artmasından sonra inflyasiya səviyyəsinin bir qədər də artacağı gözlənilir.

Belə görünür ki, 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimum məbləği istehlak məhsullarının qiymətindəki artımdan az olacaq.

Yeniavaz-ın apardığı hesablamalar göstərir ki, ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin, o cümlədən də kommunal xidmət tariflərini artdığı bir dövrdə 205 manatla istehlak səbətini “doldurmaq” mümkün deyil.

Bunu istehlak səbətinin tərkibinə nəzər saldığımız zaman açıq şəkildə görə bilərik.

Bildiyimiz kimi, kimi ölkədə minimum istehlak səbətinin tərkibi sonuncu dəfə Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə müəyyən edilib.

Həmin qərara görə, əmək qabiliyyətli bir adam üçün il ərzində 136,8 kiloqram çörək və çörək məhsulu nəzərdə tutulub.

Hazırda yarım kiloqramlıq çörəyin isə 50 qəpikdən az olmadığını nəzərə alsaq (çörək məhsullarının qiyməti daha yüksəkdir) çörək və çörək məhsulu üçün əmək qabiliyyətli bir adama il ərzində ən azı 68,4 manat, ay ərzində isə 5,7 manat pul lazımdır.

Çörək və çörək məhsulundan başqa minimum istehlak səbətinin tərkibində əmək qabiliyyətli bir adamın illik istehlakı üçün 54,8 kiloqram kartof (ayda 4,5 kq), 97,2 kiloqram tərəvəz və bostan məhsulları (ayda 8,1 kq), 38 kiloqram meyvə və giləmeyvə (ayda 3,2 kq), 32,9 kiloqram ət və ət məhsulları (ayda 2,7 kq), 223,6 kiloqram süd və süd məhsulları (ayda 18,6 kq), 7,7 kiloqram balıq və balıq məhsulları (ayda 0,64 kq), 150 ədəd yumurta (ayda 12,5 ədəd), 10,9 kiloqram bitki yağı və marqarin (ayda 0,91 kq), 7 kiloqram kərə yağı (ayda 0,58 kq), 16,9 kiloqram şəkər və qənnadı məmulatları (ayda 1,4 kq), həmçinin 4,7 kiloqram (ayda 0,39 kq) çəkidə digər ərzaq məhsulları nəzərdə tutulur.

Mövcud qiymətlər ilə hesabladığımız zaman məlum olur ki, əmək qabiliyyətli bir adam ay ərzində kartof üçün ən azı 3,6 manat, tərəvəz və bostan məhsulları üçün 12,1 manat, meyvə və giləmeyvə üçün 4,8 manat, ət və ət məhsulları üçün 35 manat, süd və süd məhsulları üçün 56 manat, balıq və balıq məhsulları üçün 3,8 manat, yumurta üçün 2,5 manat, bitki yağı və marqarin üçün 5 manat, kərə yağı üçün 7,5 manat, şəkər və qənnadı məmulatları üçün 4,2 manat, digər ərzaq məhsulları üçün isə 2 manat xərcləməlidir. Ümumilikdə isə əmək qabiliyyətli bir adam ay ərzində ərzaq məhsulları üçün ən azı 136,5 manat pul xərcləməlidir.

Göründüyü kimi, qiymətlər dəyişədiyi halda belə yaşayış minimumunda nəzərdə tutulacaq 205 manatın 66,6%-i ərzaq məhsullarına xərclənməlidir.

Yerdə qalan 68,5 manat ilə bir nəfər həm qeyri-ərzaq məhsullarına, həm də xidmətlərə olan ehtiyacını qarşılamalı və eyni zamanda da icbari ödənişlərini reallaşdırmalıdır. Bu isə indiki qiymətlərlə real görsənmir. Təkcə bir məqama diqqət yetirsək, minimum istehlak səbətində nəzərdə tutulub ki, əmək qabiliyyətli bir adam ildə minimum 692 dəfə (ayda 57 dəfə) ictimai nəqliyyatdan istifadə etməlidir ki, bu da ay ərzində 17 manat deməkdir. 68,5 manatın 17 manatı da avtobus və metroda xərclədikdən sonra geridə qalan 51,5 manatla geyimə olan tələbatı, kommunal xidmətlərin haqqını, icbari ödənişlərimizi və digər ehtiyacları qarşılamaq lazımdır.

Xidmətlərə gəlincə, əmək qabiliyyətli bir adam minimum 12 m2 mənzildə yaşamalı, ayda 5 m3 isti və soyuq su işlətməli (minimum 5 manat), 50 kv/s enerjidən (minimum 4 manat), 21 kub qazdan (minimum 3,5 manat) istifadə etməlidir. Bütün bunlar üçün isə ən azı 12,5 manat sərf olunacaq.

Əlimizdə qalan 39 manatı isə qeyri-ərzaq malları və icbari ödənişlərə sərf etməliyik.

Onu da xatırladaq ki, minimum istehlak səbətinin tərkibində qeyri-ərzaq malları üçün müəyyən edilən normalara görə, əmək qabiliyyətli bir adam ən azı 8 ildə 3 palto tipli üst geyimi, 4 il 2 ayda 9 kostyum tipli paltar, 2 il yarıma 9 alt geyimi, ilyarıma 7 cüt corab, 5 ilə 4 ədəd baş geyimi (papaq və ya baş örtüyü), 3 il yarıma 6 cüt ayaqqabı, 7 ildə 11 yataq dəsti, 1 ildə 3 yazı ləvazimatı və digər mallardan istifadə etməlidir.