Son vaxtlar yeniyetmə və gənclər arasında aqressiya və zorakılığa meyillilik halları yayılmaqdadır. Yeniyetmə və gənclərin iştirakı ilə baş verən istənilən insident sadəcə təəssüf doğurur. Ekspertlərin fikrincə, bu kimi xoşagəlməz halların baş verməsi müəyyən boşluqların yaranması ilə əlaqədadır. Yeniyetmələr arasında tərbiyəvi xarakter daşıyan maarifləndirici işlər məktəblərdə müəllimlər, evdə isə valideynlər tərəfindən aparılmalıdır. Kompleks şəkildə həyata keçirilən bu tədbirlər mütəmadi və davamlı xarakter almalıdır. Yeniyetmə və gənclər üçün təlim və tərbiyə onların gündəlik və gələcək həyatında mühüm rol oynayır. Bəzi hallarda təlim-tərbiyədən kənarda qalmış yeniyetmə və gənclər sonda faciə ilə nəticələnən hadisələrin baş verməsinə səbəb olurlar. Bu gün təəssüf olsun ki, problemin həllini bıçağa əl atmaqda görən bəzi yeniyetmələr həm öz həyatlarını, həm də kiminsə həyatını acıya çevirmiş olurlar. Cəmiyyətdə yeniyetmələrin dalaşqan və davakar, el arasında desək, “vorzakon” ruhda böyüməsinin sonu heç də yaxşılıqla nəticələnmir. Ekspertlər yeniyetmələrin formalaşmasında sosial mediada mənfi aura sərgiləyən və zərərli vərdişlərə təşviq edən paylaşımların təsir etdiyini bildirirlər. Mütəxəssislər hesab edir ki, yeniyetmələrin həyatında, onların təlim və tərbiyəsində valideyn və müəllimlərlə yanaşı, həmçinin cəmiyyətin də rolu böyükdür.
NOCOMMENT.az xəbər verir ki, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, təhsil müəssisələri yalnız bilik verən yerlər deyil, eyni zamanda təhsil alanlara düzgün davranış qaydalarını, əxlaqi dəyərləri və sosial məsuliyyət hissini aşılayan mərkəzlər olmalıdır:
“Lakin bəzi hallarda məktəblərdə şagirdlərin davranışlarına lazımi nəzarətin olmaması və ya bu mövzuya yetərincə diqqət ayrılmaması acı nəticələrə səbəb ola bilir. Məktəblər çox vaxt bu cür halların qarşısını almaq üçün preventiv tədbirlər görmür və şagirdlərin sosial və emosional vəziyyətini nəzərdən qaçırırlar. Nəticədə məktəb daxilində şiddət və zorakılıq halları yayılır, konfliktlər həll olunmadan daha ciddi hallar baş verir”.
Təhsil mütəxəssisinin sözlərinə görə, məktəblərdə psixoloji dəstək xidmətlərinin kifayət qədər inkişaf etməməsi də problem olaraq qalan məsələlərdən biridir: “Yeniyetmə dövrü hər bir fərdin psixoloji və emosional inkişafında həssas bir mərhələdir. Bu dövrdə baş verən problemlər vaxtında aşkar edilmədikdə, gənclər zorakılığa və aqressiv davranışlara meyilli ola bilirlər. Məktəblərdə psixoloqların çatışmazlığı və ya mövcud psixoloji xidmətlərin səmərəsizliyi bu cür halların yayılmasına şərait yaradır. Təlim-tərbiyə prosesində psixoloji dəstək məhz bu cür hallar üçün vacibdir və məktəblərdə hər bir şagirdin fərdi inkişafını nəzərə alaraq, onların emosional rifahına diqqət yetirilməlidir”.
K.Əsədov yeniyetmə və gənclərin aqressiv davranışlarında və şiddətə meyillənmələrində valideynlərin rolundan da danışıb: “Valideynlərin rolu da bu məsələdə mühüm əhəmiyyət daşıyır. Ailə tərbiyəsi və uşağın şəxsiyyətinin formalaşmasında valideynlərin təsiri ən güclü faktorlardan biridir. Valideynlər uşaqların davranışlarına nəzarət etməli, onlarla aktiv ünsiyyət qurmalı və onların həyatında baş verən hadisələrə diqqət göstərməlidir. Lakin bəzi hallarda valideynlərin uşaqları ilə olan münasibətlərində yetərsiz diqqət və qayğı müşahidə olunur. Bunun səbəbləri müxtəlif ola bilər: iqtisadi çətinliklər, valideynlərin məşğulluğu, ailə daxilində münasibətlərin soyuqluğu və ya valideynlərin özlərinin emosional problemləri. Nəticədə, uşaqlar özlərini ailədə laqeyd hiss edir və bu, onların xarici mühitə, o cümlədən məktəbə münasibətində aqressiyaya çevrilə bilir”.
Ekspert söyləyib ki, məktəblərdə nəzarətin gücləndirilməsi və preventiv tədbirlərin artırılması bu problemin həllində vacib addımlardan biridir: “Məktəblərdə nəzarət kameralarının quraşdırılması, təhlükəsizlik tədbirlərinin görülməsi, şagirdlər arasında konfliktlərin vaxtında aşkar edilməsi və onların sülh yolu ilə həll olunmasına şərait yaradılması təhsil müəssisələrinin əsas vəzifələrindən biri olmalıdır. Eyni zamanda, müəllimlər və psixoloqlar tərəfindən tələbələrin davranışlarına daha diqqətli yanaşılmalı, hər hansı bir aqressiv davranış müşahidə olunduqda buna vaxtında müdaxilə edilməlidir. Valideynlərin də öz üzərinə düşən məsuliyyəti dərk etməsi vacibdir. Onlar uşaqlarına vaxt ayırmalı, onların dostluq dairəsinə, maraq və davranışlarına diqqət yetirməlidirlər. Uşaqlarının duyğusal vəziyyətini daim izləmək, onlarla açıq və səmimi ünsiyyət qurmaq, onların həyatında baş verən dəyişiklikləri vaxtında aşkar etmək valideynlərin əsas vəzifəsi olmalıdır. Cəmiyyət də bu məsələdə öz məsuliyyətini unutmamalıdır. Sosial media şiddəti tərifləmək və ya adi bir fenomen kimi təqdim etməkdən çəkinməli, əksinə, belə halların qarşısını almağa yönəlmiş maarifləndirici proqramlar və müzakirələr təşkil edilməlidir. Gənclər arasında aqressiv davranışların azaldılması üçün cəmiyyətdə birlikdə çalışmaq, təhsil, ailə və sosial təsirlərin bir-birini dəstəklədiyi bir sistem qurmaq lazımdır. Beləliklə, məktəblilər arasında baş verən aqressivlik halları kompleks bir problemdir və onun həlli də kompleks yanaşma tələb edir. Məktəblərin, valideynlərin və cəmiyyətin birgə səyi ilə bu cür halların qarşısını almaq mümkündür. Hər bir uşaq diqqət və qayğıya layiqdir və biz bu qayğını onlara vaxtında göstərməklə onların sağlam və dinc şəxsiyyət kimi formalaşmasına yardım edə bilərik”.
Psixoloqlar yeniyetmə və gənclər arasında zorakılıq və aqressiyaya meyl kimi problemlərin həlli istiqamətində məktəb mühitinin yaxşılaşdırılması, sosial proqramların həyata keçirilməsi ilə yanaşı, onlara psixoloji dəstəyin artırılmasının da zəruriliyini qeyd edirlər.
Psixoloq və psixoterapevt Elmir Əkbər İqtisadiyyat.az-a açıqlamasında təəssüflə deyib ki, yeniyetmə və gənclər arasında aqressiya və zorakılığa meyl kimi hallar kifayət qədər geniş yayılıb. O bildirib ki, bu kimi problemlərin kökünə baxdıqda, burada həm ailə, həm cəmiyyət, həm də məktəbdə müəyyən axsamaların rolunun olduğunu görmək mümkündür:
“Amma yenə də haraya çevirsək də, nəticədə hər şey daha çox valideynin üzərinə gəlir. Deyək ki, sabah yeniyetmə məktəbi bitirəcək və məktəblə onun bağlılığı bitəcək. Yaxud da bir yeniyetmənin problemi olduqda müəyyən mənada cəmiyyət əziyyət çəksə də, əsas yük valideynlərin üzərinə düşəcək. Ona görə də gərək valideynlər birinci növbədə bu məsuliyyət hissini öz çiyinlərinə götürsünlər. “Bizim vaxtımızda elə idi, bizim vaxtımızda belə idi” deməkdən əl çəksinlər. Artıq həmin vaxt keçmişdə qalıb, zaman və dəyərlər çoxdan dəyişib”.
Mütəxəssis hesab edir ki, birinci növbədə valideynlər psixoloji maariflənməli, övladları ilə psixoterapevtik müstəvidə düzgün münasibət qurmalıdırlar: “Əgər bu münasibətin müsbət təsirləri müşahidə olunmazsa, o zaman çəkinmədən mütəxəssislərə, birinci növbədə həkim-psixoterapevtə müraciət edilməlidir. Çünki, ən ağır psixi xəstəliklər belə, sırf yeniyetməlik yaş dövrü bitən anda özünü büruzə verir. Ən çox da iki istiqamətdə simptomlar özünü göstərir. Bunlardan birincisi, yeniyetmənin çox aqressiv, şübhəli olması, əvvəl münasibəti xoş olan adamlara neqativ münasibət bəsləməsi, kimisə qaralaması, xüsusən də valideynlərinə qarşı qeyri-adi bir aqressiya sərgiləməsidir. Qısa desək, bu problemin nəticəsi şizofreniya, paranoid şizofreniya, narkomaniya, qumar aslılığı, cinayətə meylliliklə bitə bilər. İkinci istiqamət isə odur ki, yeniyetmə özünə qapanır, əvvəl zövq aldığı bir şeylər belə ona maraqlı olmur, otağına çəkilir və oradan çıxmaq istəmir, öz səliqəsinə fikir vermir, hətta öz gigiyenasına belə biganə qalır. Bu isə adəti üzrə sadə növ şizofreniya və yaxud da ağır endogen depressiyanın başlanğıc əlamətləri ola bilər. Təəssüf ki, ətrafdan valideynə “keçid dövrüdür, bizim uşaq da belə idi, öz-özünə düzələcək” kimi ifadələr söyləyirlər. Sabah bu uşaq ağır vəziyyətdə psixiatrik xəstəxanaya və yaxud da cinayətə görə həbsxanaya düşəndə o məsləhəti verənlər valideynin yanında olmayacaqlar. Ona görə də valideynlər gərək bu məsələdə diqqətli və həssas olsunlar”.
E.Əkbər yeniyetmə və gənclərin psixoloji sağlam yetişməsində orta və ali təhsil müəssisələrinin rolundan da danışıb: “Məktəbdə və ali təhsil müəssisələrində psixologiya, xüsusilə də psixoterapiya düzgün dərs şəklində verilməlidir ki, insanlar bu elmdən məlumatlı olsunlar. Onlar hansı hallarda psixoloqa, hans hallarda psixiatra, hansı hallarda isə psixoterapevtə müraciət etməyin lazım olduğunu öyrənsinlər. Eyni zamanda məktəb və universitetlərdə həqiqi təhsil almış peşəkar psixoloqlar çalışmalıdır. Düzdür, məktəb psixoloqu klinik psixoloq deyil. Onun kimisə müalicə etməsi kimi bir məsuliyyəti yoxdur və onlardan biz bunu tələb edə bilmərik. Amma onlar ən azı problemli şagirdləri vaxtında aşkarlaya və əgər problem pedaqoji xarakter daşıyırsa, məktəbdə direktor və müəllimlərin köməyi ilə özləri həll edə bilərlər”.