Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun “əhalinin evdə saxladığı təxminən 10 milyard dollar vəsaitin ölü kapitala çevrilməsi” barədə açıqlaması ölkədə maliyyə dövriyyəsi və bank sektoruna inam məsələsini yenidən gündəmə gətirib. Dövlət qurumunun rəhbərinin sözlərinə görə, bu vəsaitlərin iqtisadiyyata cəlb olunmaması həm maliyyə sabitliyinə mənfi təsir göstərir, həm də investisiya mühitini zəiflədir.

NOCOMMENT.az mövzunu geniş təhlil etmək, həm problemin miqyasına, həm də onun aradan qaldırılması yollarına dair məlumatları vətəndaşlarla bölüşmək üçün iqtisadçı ekspertlərə müraciət edib.
Əkrəm Həsənov saytımıza bildirib ki, ölkədə “yastıq altında” saxlanılan vəsaitlərin həcmi illərdir artmaqda davam edir və bunun əsas səbəbi əhalinin banklara inamının tam formalaşmamasıdır. Onun sözlərinə görə, bank sektorunun bir neçə dəfə sarsılması, bağlanan banklar, əmanətlərə yanaşma və valyuta dəyişiklikləri insanlarda ehtiyatlılıq yaradıb: “İnsanlarımız hələ də hesab edir ki, bankda saxlanılan vəsaitin taleyi qeyri-müəyyəndir. Xüsusilə də 2015-ci ildə baş verən devalvasiyadan sonra amerikaya dollar mənəviyyatlı kəsim üçün riskdən qaçmaq vasitəsi oldu. Bu psixologiya hələ də qalır və insanlar pullarını evdə saxlamağı daha təhlükəsiz hesab edirlər”.

Həsənov əlavə edir ki, bu pulların iqtisadiyyatdan kənarda qalmasının zərəri çox böyükdür. Həm dövriyyədəki likvidlik azalır, həm də bankların kredit vermə imkanları daralır: “10 milyard dollar ölkənin maliyyə sisteminə daxil olsa, tək kredit faizlərinə deyil, həm də biznesin genişlənməsinə ciddi təsir göstərə bilər. Ölü kapital iqtisadi inkişafı yavaşladan ən əsas amillərdən biridir”.
İqtisadçı bildirir ki, üzən məzənnəyə keçid məsələsi də bu kontekstdə müzakirə oluna bilər, lakin problemin kök səbəbi təkcə məzənnə rejimi deyil: “İnsanlarda məzənnə ilə bağlı narahatlıq var, həqiqətdir. Üzən məzənnə uzunmüddətli sabitlik yarada bilər, amma bank sektoruna inam bərpa olunmadan bu məsələ köklü şəkildə həll olunmayacaq”.

NOCOMMENT.az-a danışan digər iqtisadçı Natiq Cəfərli isə hesab edir ki, vətəndaşların pulları evdə saxlamasının həm psixoloji, həm iqtisadi, həm də institusional səbəbləri var. Onun sözlərinə görə, insanlar öz gəlirləri üzərində nəzarəti itirməkdən qorxur və banklara qoyulan pulun istifadəsi ilə bağlı şəffaflıq tam təmin olunmadığından ehtiyat edirlər: “Azərbaycanda insanlar həm bankların bağlanmasını, həm də devalvasiyanın onları necə zərbə altında qoyduğunu unutmayıblar. Bu fonda 10 milyard dolların evdə saxlanması təəccüblü deyil. Problemin kökündə etimad böhranı durur və etimad ancaq sözlə deyil, islahatlarla formalaşır”.

Natiq Cəfərlinin fikrincə, bu qədər böyük vəsaitin iqtisadiyyatdan kənarda qalması ölkəyə ən azı ildə yüz milyonlarla dollar dəyərində iqtisadi itki gətirir: “Bu pullar dövriyyədə olsaydı, kreditlər ucuzlaşardı, kiçik və orta biznesə daha çox vəsait yönələrdi, investisiya mühiti zənginləşərdi. Evdə saxlanılan 10 milyard dollar əslində ölkənin itirilmiş inkişaf potensialıdır”.

Ekspert həmçinin bildirir ki, üzən məzənnəyə keçid iqtisadi sabitliyin uzunmüddətli təminatı üçün vacib olsa da, təkbaşına problemi həll etməyəcək: “İnsanların əmanətlərini qorumaq üçün institusional dəyişikliklər – bankların şəffaflığı, risklərin minimuma endirilməsi, real rəqabətli maliyyə bazarı lazımdır. Bunlar olmadan məzənnə rejiminin dəyişməsi psixoloji inamsızlığı aradan qaldırmayacaq”.
***

NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Rövşən Ağayev isə bildirib ki, evlərdə saxlanılan 10 milyard dolların dövriyyəyə qaytarılması yalnız kreditləşməni artırmayacaq, həm də Azərbaycanın məzənnə siyasətində yeni imkanlar yaradacaq:
“Hazırkı vəziyyətdə manatın məzənnəsi sabit saxlanılır, çünki ölkə daxilində valyuta təklifi məhduddur. Bu 10 milyard dollar bank sisteminə daxil olarsa, ölkənin valyuta ehtiyatları faktiki olaraq genişlənmiş olacaq və bu, potensial devalvasiya təhdidlərini zəiflədəcək. Belə olan halda üzən məzənnəyə keçid daha az risklə gerçəkləşə bilər. Yəni bu vəsaitlər iqtisadiyyata cəlb olunarsa, manatın sabitliyi bazar mexanizmləri ilə qoruna bilər”.













