“İllərin çarpışmasından sonra 4 nəfərlik ailənin yaşaması üçün heç bir şəraiti olmayan, gün işığına həsrət, qaranlıq, darısqal bir yataqxana otağına atılmışıq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi deyir ki, daha bizim bacardığımız budur. Burada qaz, ümumiyyətlə, yoxdur. Su isə 2 saat səhər, 1 saat axşam (saat 17.00 – 18.00) verilir. Divarlardakı kif və rütubət allergik tutmaları kəskinləşdirir”.
NOCOMMENT.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.
Professor payız fəslinin olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, xroniki xəstəliklərin kəskinləşdiyi dövrdə normal yatağa ehtiyac yarandığını düşünəndə adam dəhşətə gəlir, çünki yataqxana otağında tibbi yardım almaq, özünə qayğı göstərmək üçün heç bir şərait yoxdur.
Şöbə müdiri şəraitsizlikdən gileylənib: “Nə çarpayı, nə divan, nə stol, nə paltarları yığmaq üçün şkaf var. Bunları yerləşdirməyə heç yer də yoxdur. Mindən artıq kitabı məhz bu səbəbdən ləğv etmişəm. Yazı masası haqqında düşünmək isə absurddur. Otaqda tək işləyən şey 70 manata aldığımız, kəsif pas iyi verən soyuducudur”.
İ.Abbasov on il səkkiz ay dövlət qulluğundan savayı, iyirmi altı ildir pedaqoji və elmi fəaliyyətlə məşğul olduğunu da xatırladıb. Deyib ki, bütün bunların müqabilində özünə aşağılayıcı münasibəti qəbul etmir: “İşimə həmişə məsuliyyətlə yanaşmışam və çalışmışam ki, nöqsanlara yol verməyəm. Kifayət qədər elmi nailiyyətlərim də var. AMEA rəhbərliyinin bu etinasızlığını, “bacardığımız budur” deyib belə “yaxşılıq” etməsini özümə qarşı aşağılayıcı münasibət sayır və düşünürəm ki, bütün bunlar mənim ailəlikcə məhv edilməyim üçün bir zəmindir. Dəhşətdir, sanki Bakıda deyil, Afrikanın sivilizasiyadan kənar ən miskin bir şəhərinin sakiniyəm. Təsəvvür edin, gecənin bu saatında tualet üçün şəhərə çıxmaq məcburiyyətindəyəm”.