13 ildir müharibənin davam etdiyi Suriyada toqquşmaların yenidən intensivləşməsi ölkənin parçalanacağı perspektivini daha da yaxınlaşdırır. Hələ “ərəb baharı”nın dirəndiyi və Əsədin müqavimət göstərməyə başladığı dövrdə Suriyanın hissələrə bölünəcəyi proqnozları gündəmdə idi, lakin Rusiyanın müdaxiləsi və İranın dəstəyi Dəməşq mərkəzli dövlət quruluşunu kağız üzərində də olsa saxladı. Hazırda “kağızdan düzəlmiş qalaya” bənzəyən Suriyanın parçalanması yenidən aktuallaşıb.
Birincisi, Əsəd rejimini ayaqda saxlayan Rusiya və İran çətin vəziyyətdədir: bu, Suriyanın parçalanmasına qarşı müqaviməti zəiflədib;
İkincisi, Suriyada qüvvələr nisbəti və çoxsaylı güc mərkəzləri münaqişənin “ərazi bütövlüyü” çərçivəsində anlaşma ilə yekunlaşması perspektivini dumanlaşdırıb;
NOCOMMENT.az Ölkə.az-a istinadən xəbər verir ki, İran Suriya rejiminin ləğvinə qarşıdır və Rusiya ilə hələlik bu məsələdə ortaq mövqedən çıxış edirlər. ABŞ PKK-nın Suriya qanadı olan PYD/YPG qüvvələri üzərindən planlar həyata keçirir. Bunun fonunda müxalifləri dəstəkləyən Türkiyə suriyalı müxalifərin geri qayıdışını təmin etməyə çalışır. Suriyada aktiv oyunçuların hər biri bu ölkənin müəyyən ərazisinə bu və ya digər formada nəzarət edir. Bu mənzərə fonunda Suriyanın ərazi bütövlüyünün saxlanılması ilə bağlı ortaq məxrəcin tapılması çətinləşib.
Suriyanın parçalanacağı ehtimalları daha öncə də gündəmdə olub: Dəməşq və ətrafında Nuseyri dövləti, şimalda “kürd dövləti”, mərkəzdə sünni ərəb dövləti;
Bu, xüsusilə ABŞ tərəfindən irəli sürülən versiyadır. İran, Rusiya və Türkiyə Suriyanın bölünməsinə qarşı çıxsa da, ABŞ-ın “kürd dövləti” layihəsini gerçəkləşdirmək naminə uzlaşmayacağı aydın görünür. Bu situasiya Suriyada iştirak edən oyunçuları vəziyyətə uyğun davranmağa vadar edə bilər: İran və Rusiyanın təsir imkanlarını saxlamaq üçün ən azı Nüseyri dövlətinin yaranması ilə razılaşması mümkün versiyalardandır.
Burada əsas problemli məqam ABŞ-ın “kürd layihəsi”nin Türkiyənin maraqlarına zidd olmasıdır. Söhbət Suriyanın şimalında “kürd dövləti”, yaxud “kürd kantonu” yaradaraq, Şimali İraq Kürd Muxtariyyətinə bağlamaq və bu xətt boyunca Aralıq dənizinə uzanan dəhliz yaratmaqdır. Bu, Türkiyənin cənub sərhədlərini və bölgədəki strateji maraqlarını təhdid edir. Türkiyə Suriyada keçirdiyi əməliyyatlarla bu planın qarşısını böyük ölçüdə alıb. Hazırda PYD/YPG-nin Fəratın şərqinə doğru sıxışdırılması prosesi gedir. Tel-Rıfatın terrorçulardan təmizlənməsindən sonra Münbiçin hədəfdə olduğu haqda məlumatlar var.
Hadisələrin inkişafında Türkiyənin iki ssenari üzrə hərəkət etməsi ehtimalı mümkündür.
Birincisi, Suriyada müxaliflərin nəzarət etdiyi ərazilərdə yeni dövlətin yaradılması və ABŞ-ın “kürd layihəsi” qarşısında istifadə etməsidir;
İkincisi, Suriyada türkmən toplumunun öz müqəddəratını təyin etmə hüququnu gündəmə gətirməsi və onların dövlətinin yaradılmasıdır;
Yaxın Şərqdə 5,5 milyondan çox türkmən yaşayır: 3,5 milyonu Suriyada, 2 milyonu Kərkük və Mosulda. Türkmənlər həm Suriyada, həm İraqda böyük ölçüdə Türkiyəyə bağlı şəkildə fəaliyyət göstərir. Həm hərbi, həm siyasi müstəvidə kifayət qədər aktivdirlər. İstisna edilməməlidir ki, Yaxın Şərqdə siyasi xəritələrin dəyişməsi prosesinin davamında Türkiyə türkmənlərin dövlətinin yaradılması layihəsinin icrasına başlasın.
Bu kontekstdə İraq Türkmən Cəbhəsinin rəhbəri, Kərkük millət vəkili Ərşad Salehinin ötən il verdiyi açıqlama ön plana çıxır. Türkmən lider bəyan edirdi ki, Hələbdən başlayıb Mendelidə (İranla sərhəd) bitən ərazidə Türkməneli Respublikası yaradılmalıdır. Onun bununla bağlı təqdim etdiyi xəritə ciddi müzakirələrə də səbəb olmuşdu. Suriyada baş verənlər və bunun yenidən İraqa sıçraması fonunda Türkməneli Respublikasının qurulması qaçılmaz reallıq ola bilər.
Türkmənlər Səfəvilər dövründə Azərbaycandan bu coğrafiyaya köçmüş və möhkəmlənmiş türklərdir. Buna görə İraq azərbaycanlıları olaraq da tanınırlar.