Yaxın vaxtlarda Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasını gözləmək olar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov danışıb.
O bildirib ki, müstəqilliyin ilk illərindən Pakistan ilə Azərbaycan arasındakı siyasi və strateji əlaqələr yüksək səviyyədə olub.
“BMT Təhlükəsizlik Şurasında (TŞ) 1993-cü ildə ilk qətnamə qəbul ediləndə Pakistanın TŞ-də sədr olması Azərbaycanın haqq səsinin eşidilməsində mühüm rol oynayıb. Eyni zamanda, Pakistanın Ermənistanı müstəqil dövlət kimi tanımaqdan imtina etməsi də ölkələrimiz arasındakı münasibətin səviyyəsini nümayiş etdirib”, – ekspert vurğulayıb.
V.Hüseynov qeyd edib ki, əlaqələrin yüksək səviyyəsinə baxmayaraq, iqtisadi sahədə münasibətlərin inkişafı son illərə qədər tam potensialında olmayıb:
“Bununla belə son beş ildə bu istiqamətdə işlər sürətlənib. Azərbaycanın Pakistandan idxal olunan düyünü rüsumlardan azad etməsi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Pakistan şirkətləri arasındakı əlaqələr, ticari sahədə müxtəlif təşəbbüslər ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib.
2024-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsi 22 milyon 48 min dollar olub. Bu əvvəlki illərin göstəricilərinə əsasən, iki dəfədən çox artımın əldə olunması deməkdir. Ancaq aydındır ki, bu rəqəm ölkələrimiz arasındakı ticari potensialı əks elətdirmir”.
Ona görə də müsahib hesab edir ki, bu istiqamətdə aparılan işlər, iki ölkənin şirkətləri arasında əldə olunmuş yeni razılaşmalar münasibətlərin intensivləşməsinə müsbət təsir edəcək.
“Münasibətlərin bu dərəcə yaxınlaşması və iki dövlətin, demək olar, bütün beynəlxalq məsələlərdə eyni mövqədən çıxış etməsi onu deməyə əsas verir ki, yaxın vaxtlarda ölkələrimiz arasında strateji tərəfdaşlıq sazişinin imzalanması gözləmək olar”.