“Yeddi oğul istərəm” filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti…backend

“Yeddi oğul istərəm” filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün böyük sənətkar, SSRİ Xalq artisti İsmayıl Osmanlının doğum günüdür. Bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edirik.

Realist aktyor məktəbinin tanınmış simalarından olan İsmayıl Osmanlı 11 aprel 1902-ci ildə Şəkidə kasıb ailədə doğulub. On bir yaşında olarkən atası Osmanı itirib və yetimliyin acısını dadıb. Məhz buna görə mükəmməl təhsil ala bilməyən İsmayıl Şəki İpək Fabrikində, dabbaqxanada əziyyətli işlərdə çalışıb. Təbiətən çox şux görünən və məşhur Şəki lətifələri söyləməyi xoşlayan İsmayıl daim tamaşaçılar qarşısına can atır.

İsmayıl Osmanlı
İsmayıl Osmanlı

1920-ci ildə o, Şəkidəki fəhlə-kəndli klubunda fəaliyyət göstərən, həvəskar aktyorları ətrafına toplayan dram dərnəyinə üzv yazılır. Möhsün Sənaninin Bakıdan Şəkiyə qastrola gəlməsi, kiçik dram dərnəyində aktyorluq edən İsmayıl Osmanlının onunla görüşüb Azərbaycanın rayonlarına birgə qastrola çıxması onun səhnəyə olan həvəsini daha da artırır.

***

İki ildən sonra Gəncəyə köçürlər və o, altı il buradakı həvəskarlar teatrında çalışır. 1928-ci ildə məşhur rejissor Kirmanşahlının təklifilə Tiflis-Azərbaycan teatrına dəvət edilir. Bir il sonra Azərbaycan Dövlət Dram Teatrı Osmanlını öz səhnəsinə dəvət edir. Şəmsəddin Abbasovun “Qələbə” pyesindəki traktorçu Bəhram rolu ilə fəaliyyətə başlayır. Və həyatının sonuna qədər bu teatrda işləyir.

İsmayıl Osmanlı bu haqda xatirələrində belə deyir: “Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı”.

***

İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub.

“Azərbaycanfilm”in istehsal etdiyi “Kəndlilər”, “Bir məhəlləli iki oğlan”, “O olmasın, bu olsun” “Yenilməz batalyon”, “Mən ki gözəl deyildim”, “Nəsimi”, “Yeddi oğul istərəm” və sair filmlərdə çəkilib.

***

İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-nin əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.

“Yeddi oğul istərəm” filmində Cəlal obrazını yaradan aktyor Ənvər Həsənov nəql edir ki, “Yeddi oğul istərəm” filmində epizodların birində Kələntər dayı obrazını ifa edən İsmayıl Osmanlıya şillə vurmalı imiş. Lakin, həyəcandan və ağsaqqal aktyora qarşı olan hörmətdən bunu edə bilmirmş. Bir neçə dubldan sonra İsmayıl müəllim Ənvəri bir kənara çəkib ona deyir. “Ay Ənvər, bilirəm, məni çox istəyirsən, mənə məhəbbətin var, yaşlı adamam. Ancaq belə olmaz. Sən mənə o şilləni gərək elə çəkəsən ki, mən onu hiss edim. Biz burda kinoya çəilirik. Sən məni zəif vursan, mən də rolumu zəif ifa edəcəm”. Yalnız bundan sonra Ənvər ona möhkəm şillə vura bilir.

Lakin, sonradan Ənvərin və digər gənc aktyorların istəyi ilə rejissor Tofiq Tağızadə həmin kadrı filmdən çıxarır. İsmayıl Osmanlı bunu eşidəndə narazılığını bildirir. O kadrın çıxmarılması ilə Cəlalın ölüm səhnəsinin təsir gücünün azaldacağını deyir.

İsmayıl Osmanlını sadə, istiqanlı, xüsusilə, gənclərə böyük hörmət bəsləyən duzlu yumoru olan insan olub. Gənclər də ona çox böyük hörmət edirmişlər. Və onu hər zaman İsmayıl dayı deyə çağırırmışlar.

Xalq artisti Rafiq Əzimovun sözlərinə görə bir dəfə teatrda olan zaman o, İsmayıl dayının öz qrim otağında bərk əsəbləşdiyini, öz-özünə deyindiyini eşidir. Bunun səbəbini xəbər alanda, İsmayı Osmanlı deyir ki, mənim başıma gör nə oyun açıblar. Kələntər dayı obrazına tamaşaçılar camaat mənə təhqir dolu məktublar yazırlar.

***

Aktyor Ənvər Həsənov isə həmin məqamı belə xatırlayır: “İsmayıl dayı məni gördü. Ağlaya-ağlaya üstümə gəlib məni qucaqlayıb dedi: Ay Ənvər, sən məni öldürdün. Mən nə qələt elədim ki, o obrazı yaratdım. Mən tamaşaçıların əlindən küçəyə çıxa bilmirəm”.

Lakin, sonralar hər şey unudulur. Amma sənət aləmi və aktyorun özü də Kələntər obrazının kino tarixində özünəməxsus yeri olmasını anlayır.

***

İsmayıl Osmanlının teatrda son işi Nodar Dumbadzenin “Darıxma, ana” pyesindəki İsidor Cakeli obrazı olub. Böyük aktyor 22 iyun 1978-ci ildə vəfat edib. Fəxri xiyabanda dəfn olunub. (kulis.az)