“Yeni avtobusların qiyməti çox bahadır, qarşılığında 40-50 qəpik azdır deyə düşünürlər” – Nəqliyyat ekspertibackend

“Yeni avtobusların qiyməti çox bahadır, qarşılığında 40-50 qəpik azdır deyə düşünürlər” – Nəqliyyat eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər metro və avtobuslarda gediş haqqının artacağı müzakirə mövzusu olub.

Xatırladaq ki, Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov müsahibəsi zamanı bir sərnişinin daşınmasının 2022-ci ildə 68 qəpiyə başa gəldiyini söyləyib. Bundan sonra cəmiyyətdə və sosial şəbəkələrdə metroda gediş haqqının 70 qəpiyə qədər artacağı ilə bağlı iddialar səsləndirilib.

Bəs, gələcəkdə metro və avtobuslarda gediş haqqının məbləğində artım gözləniləndirmi?

NOCOMMENT.az xəbər verir ki, Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov redaktor.az-a bildirdi ki, gediş haqqı artımı müzakirə mövzusu deyil.

“Sorğunuza cavab olaraq bildiririk ki, hazırda ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tarifin artımı ilə bağlı məsələ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müzakirə olunmur”.

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd etdi ki, yaxın vaxtlarda belə bir halın baş verməsi düşünülmür:

“Çünki ictimai nəqliyyatda qiymət artımı təzəlikcə olub və hazırda müzakirə mövzusu deyil. Ancaq yaxın gələcəkdə nə olacağı yalnız Tarif Şurasının qərarından asılıdır. Hazırda düzdür, daşıyıcı şirkətlər dəfələrlə bunu deyiblər, əsaslandırıblar ki, onlar çətin vəziyyətdədir, çünki göstərdikləri xidmətə görə gediş haqqı kifayət qədər ucuzdur. Bu da onların belə inkişaf etməsinə, avtobus parkının yenilənməsinə mane olur. Hər şeyi qiymət artımı ilə həll etmək də düzgün deyil.Təkliflər var ki, daşıyıcılara subsidiyalar ayrılsın, güzəştli maliyyə dəstəyi olsun. Bu, daha optimal variant olar”.

Ekspert onu da bildirdi ki, dövlət tərəfindən hansısa bir formada bu məsələnin tənzimlənməsinə ehtiyac var:

“Hazırda əsas müzakirə mövzusu olan istiqamətlər bunlardır. Məlum məsələdir ki, dəfələrlə Bakı Metropoliteni və ictimai nəqliyyat üzrə fəaliyyət göstərən sahibkarlar müraciətlər ediblər və fikirlərini də əsaslandırıblar ki, onlar hazırkı dövrdə zərərlə işləyir, qiymətlər arzuolunan səviyyədə deyil və sair. Çünki bu gün avtobus parkının yenilənməsi üçün gətirilən yeni avtobusların qiyməti çox bahadır. 300-400 min civarında qiyməti var. Qiymətin qarşılığında da şirkətlər 40 qəpiyə, 50 qəpiyə sərnişin daşıyırlar və hesab edirlər ki, bu, onlar üçün əlverişli variant deyil. Çünki son dövrlərdə qiymətlər hədsiz dərəcədə bahalaşıb. Yəni ehtiyat hissələri, digər sürtkü yağları və xidmətlər çox bahalaşıb. Onun qarşılığında isə daşıyıcı şirkətlər hələ də dəstək ala bilmirlər. Yəni onların istəyi, arzusu yalnız budur ki, dövlət tərəfindən hansısa bir formada dəstək olsun. Amma qiymət artımı hələlik müzakirə olunmur”.