Sumqayıt şəhərində yerləşən “Gənclik City” restoranı ilə bağlı ciddi narazılığımı ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Müştəriyəm, şikayətim var” adlı Facebook qrupunda “Khanım Aliz” adlı sosial şəbəkə istifadəçisi paylaşıb.
Onun iddiasına görə, 31 dekabr – Yeni il gecəsi üçün əvvəlcədən bu restoranda yer rezerv ediblər. Daha öncə dəfələrlə getdikləri və razı qaldıqları bir məkan olduğu üçün seçimlərini məhz “Gənclik City”dən yana ediblər.
Zalda onlara bildirilib ki, 30 manatlıq və 40 manatlıq yerlər mövcuddur. Yerlərə baxdıqdan sonra səhnəyə yaxın olan 40 manatlıq masa seçilib. İki nəfər üçün ümumilikdə 80 manat ödəniş edilib və çek təqdim olunub. Qeyd edilib ki, bu məbləğ yalnız yer haqqıdır, yeməklər qiymətə daxil deyil.
Lakin 31 dekabr axşamı restorana gəldikdə tamamilə fərqli bir mənzərə ilə qarşılaşıblar. Səhnəyə yaxın masa əvəzinə onlara çıxışın yanında, səhnədən xeyli uzaqda yerləşən masa göstərilib. Etiraz edildikdə isə “stollar çəkilib” cavabı verilib. Yəni ödəniş edilən yer faktiki olaraq təqdim olunmayıb.
Bundan əlavə, 1 yaşlı uşaq üçün uşaq stolu istənilsə də, restoranda uşaq stulunun olmadığı bildirilib. Daha da təəccüblüsü, adi stul istənildiyi təqdirdə onun üçün də ayrıca ödəniş tələb olunub. Bu vəziyyətdə pulu geri alıb məkanı tərk etmək istəsələr də, ödənişin “beh” sayıldığı əsas gətirilərək qaytarılmayacağı bildirilib və məcbur qalıb oturublar. Uşaq isə qucaqda qalıb.
Zalda bu qədər insan olmasına baxmayaraq, cəmi 2–3 ofisiant xidmət göstərib. Nəticədə sifariş edilən yeməklər təxminən 1 saatdan sonra gəlib. Gələn yeməklər isə yarıbişmiş, dadsız və keyfiyyətsiz olub. Açıq desək, orada ac qalıblar və bir saat belə tamam olmadan məkanı tərk ediblər.
Tədbirin “əyləncə” hissəsi də ayrıca məyusluq yaradıb. Şaxta baba zalda gəzərək 5 manat qarşılığında hədiyyə satıb. Zalda cəmi 15–20 uşaq olmasına baxmayaraq, onlara heç bir jest edilməyib. Halbuki valideynlər yüksək məbləğdə ödəniş ediblər. Hətta Şaxta baba və digər personajlarla adi telefonla şəkil çəkdirmək belə pullu olub.
Nəticədə Yeni il gecəsini həmin məkanda keçirmək əvəzinə, başqa bir yerdə çay və şirniyyatla qarnımızı doyurmağa məcbur qaldıq.
Bu yazını yazmaqda məqsədim kiməsə böhtan atmaq deyil, ictimaiyyəti xəbərdar etməkdir. Özəl günlərinizi, bayram əhvalınızı gedib “Gənclik City” restoranında korlamayın. Ödəniş var, amma xidmət və hörmət yoxdur.












