Yeni il süfrəsində təhlükə: Bu 3 qida risklidirbackend

Yeni il süfrəsində təhlükə: Bu 3 qida risklidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni İl süfrəsi azərbaycanlı ailələr üçün bolluq və qonaqpərvərlik rəmzidir. Adətən masaya kabablar, müxtəlif növ salatlar, ev yeməkləri, şirniyyatlar, içkilər düzülür. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu zənginlik fonunda bəzi qidalar düzgün hazırlanmadıqda və ya saxlanmadıqda zəhərlənmələrə səbəb ola bilər.

Bayram günlərində qida zəhərlənmələri adi günlərlə müqayisədə xeyli artır və bunun əsas səbəbi süfrədə uzun müddət qalan, tez xarab olan məhsullardır.

Ən riskli qidalardan biri mayonez və digər süd əsaslı souslarla hazırlanan salatlardır. olivye, paytaxt salatı, sezar, mimoza kimi salatlar Yeni İl süfrəsinin ayrılmaz hissəsidir. Lakin bu salatlar adətən bir neçə saat, bəzən isə gecədən səhərə qədər otaq temperaturunda qalır. Mayonez, qaymaq və smetan tərkibli souslar bakteriyaların sürətlə çoxalması üçün ideal mühit yaradır. Xüsusilə salmonella və stafilokokk kimi bakteriyalar belə şəraitdə qısa müddətdə təhlükəli səviyyəyə çata bilər. Mütəxəssislər bu tip salatların yalnız süfrəyə verilənə yaxın hazırlanmasını və maksimum 2-3 saat ərzində istehlak edilməsini tövsiyə edirlər.

İkinci təhlükəli qida qrupu yaxşı bişməmiş və ya yenidən qızdırılmış ət yeməkləridir. Kabab, toyuq qızartması, dolma və digər ət xörəkləri bayram masasında geniş yer tutur. Lakin ətin içinin tam bişməməsi, xüsusilə toyuq ətində kampilobakter və salmonella riskini artırır. Digər tərəfdən, artıq bişmiş ətin bir neçə dəfə qızdırılması da təhlükəlidir. Bu zaman bəzi bakteriyalar məhv olmasa da, toksinlər əmələ gələ bilər və bu toksinlər istiliyə davamlı olur. Nəticədə yemək isti olsa belə, zəhərlənmə riski qalır.

Üçüncü riskli məhsul isə kremli tortlar və evdə hazırlanan şirniyyatlardır. Süd, yumurta və krem tərkibli tortlar tez xarab olur və soyuducudan kənarda saxlandıqda təhlükəli bakteriyalar üçün əlverişli şərait yaranır. Xüsusilə çiy yumurta ilə hazırlanan kremlər ciddi təhlükə mənbəyidir. Bayram günlərində tortların bəzən gün ərzində dəfələrlə süfrəyə çıxarılıb yenidən kənara qoyulması vəziyyəti daha da riskli edir.

Həkimlər məsləhət görürlər ki, Yeni İl süfrəsində qidaların hazırlanmasına və saxlanmasına xüsusi diqqət yetirilsin. Yeməklər az-az, lakin təzə hazırlanmalı, tez xarab olan məhsullar uzun müddət açıq qalmalı deyil./Yeni Sabah