Bu gün “Yeni klinika” tibb müəssisəsinin təşkilatçılığı ilə “Serebral iflic və cəmiyyət” mövzusunda forum keçirilib.
NOCOMMENT.az xəbər verir ki, forumun əsas məqsədi effektiv inklüziv mühit yaratmaqla mütəxəssislər, serebral iflicin fəsadlarının qarşısını almaqda müxtəlif metodların müəllifləri və serebral iflic olan gənclər arasında praktiki təcrübə mübadiləsi üçün vahid platforma yaratmaqdır.
Tədbirdə “Yeni klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini Nigar Məmmədova, Milli Paralimpiya Komitəsinin prezident köməkçisi və İdman şöbəsinin müdiri Kamal Məmmədov, tibb elmləri üzrə fəlsəfə doktoru, Kliniki Tibbi Mərkəzin Uşaq Reabilitasiya Mərkəzinin baş həkimi Cəmilə Talıbova, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent, Kliniki Tibbi Mərkəzin Uşaq Nevroloji Xəstəxanasının baş həkimi Səadət Əsgərova, həmçinin “Yeni Klinika” tibb müəssisəsinin tibb və qeyri-tibb kollektivi iştirak edib.
Üç sessiyadan ibarət olan forumun açılışını “Yeni klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev “Serebral iflic və cəmiyyət” mövzusunun həssaslığını vurğulayaraq fiziki məhdudiyyətli şəxslərin inkişafına dəstək olmağın vacid olduğunu qeyd edib.
TƏBİB-in icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov regionlara nəzər saldıqda serebral iflic xəstəsi olan uşaqların reabilitasiyaya yönəldilməsində çətinliklərlə üzləşildiyini bildirib: “Biz TƏBİB olaraq, yeni bir modul və işçi qrupu əsasında regionlarda bununla bağlı fəaliyyətə başlamışıq. Onu da bildirim ki, icbari sığortanın yeni xidmətlər zərfinə serebral ifliclə bağlı xidmətlər də daxil edilib. Gələcəkdə regionlarda reabilitasiya üçün mərkəzlərin yaradılması nəzərdə tutulur” deyə Pərvin Əkbərov açıqlama verib.
Vüqar Behbudov isə çıxışında həssas əhali qrupları üçün dövlət tərəfindən Sabunçu və Abşeron rayonlarında yarımstansinonar mərkəzlərin yaradıldığını bildirib. Qeyd edib ki, ötən ildən istifadəyə verilən www.serebralders.az veb səhifəsi və xüsusi mobil tətbiq serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların valideynlərinə, onların bacarıqlarının artırılmasına, bu istiqamətdə elektron resurslardan istifadənin genişlənməsinə dəstək məqsədi daşıyır.
Forumda çıxış edən Kamal Məmmədov digər əlillik kateqoriyaları kimi serebral iflic xəstələrindən ibarət A və B mili komandaları üzrə 1200 idmançı olduğunu qeyd edib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini Nigar Məmmədova təmsil etdiyi təşkilatın Cənubi Qafqazda ilk unikal mərkəz olduğunu vurğulayaraq fəaliyyəti haqqında danışıb.
Daha sonra tibb elmləri üzrə fəlsəfə doktoru, Kliniki Tibbi Mərkəzin Uşaq Reabilitasiya Mərkəzinin baş həkimi Cəmilə Talıbova və tibb elmləri üzrə fəlsəfə doktoru, dosent, Kliniki Tibbi Mərkəzin Uşaq Nevroloji Xəstəxanasının baş həkimi Səadət Əsgərova serebral iflic haqqında geniş məlumat veriblər.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əməkdaşı Fərid Firyazzadə həyat hekayəsini bölüşərək fiziki məhdudiyyətin inkişaf üçün əngəl olmadığını bildirib.
Forum fiziki məhdudiyyətli fəal gənclər və rəsmi nümayəndələrin xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.