Yeni Klinika – dünən və bu gün – FOTObackend

Yeni Klinika – dünən və bu gün – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sisteminin tətbiq olunduğu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinə ölkənin müxtəlif bölgələrindən müraciət edən vətəndaşların sayı durmadan artır.

NOCOMMENT.az xəbər verir ki, ötən ilin iyun ayında Xidmətlər Zərfi daxilində ambulator tibbi xidmət üçün müraciət edən vətəndaşların sayı 198 təşkil etdiyi təqdirdə bu rəqəmlər cari ilin iyun ayında 12 836 nəfərə çatıb.

Statistik məlumatlara əsasən 2022-ci ilin iyun ayında 1048 olan ambulator tibbi xidmət sayı isə cari ildə 58 687-yə yüksəlib.

2022-ci ilin avqust ayından stasionar olaraq xidmət göstərən tibb müəssisəsinə müraciət edən pasiyent sayı cəmi 4 nəfər olduğu halda, bu rəqəm cari ilin iyun ayı ərzində 370 nəfər təşkil edib.

Əməliyyat üçün müraciət edən pasiyentlərin sayı isə 4 nəfərdən 432 nəfərə yüksəlib.

Müasir texnika və avadanlıqlarla icra olunan əməliyyat və prosedurlar

Ötən dövr ərzində bu günədək 1500 vətəndaş müraciəti qəbul edən Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi yaradılmış, Terapiya, Qastroentorologiya, Urologiya, Ginekologiya, Nevrologiya, Kardiologiya şöbələri isə stasionar olaraq fəaliyyət göstərməyə başlamışdır.

Xidmətlər Zərfi daxilində müraciət sayı 50 000 -i keçən rengenoqrafiya, stress test, qastroskopiya, kolonoskopiya, spirometriya, kolposkopiya, sistoskopiya, doppler, MRT, KT, EEQ, EKQ, EXO, USM kimi müayinələrin icrasına başlanılıb.

Bundan başqa mərkəzdə invaziv kardiologiya sahəsi üzrə də vətəndaşlara xidmətlər göstərilir.

Tibb müəssisəsinin özəlliklərindən biri də sahib olduğu əməliyyatxana, reanimasiya yerləri və ən müasir avadanlıqlarla təchiz olunmasıdır.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində icra olunan mürəkkəb və unikal əməliyyatlar isə  klinikada peşəkar komandanın fəaliyyət göstərməsinin bariz nümunəsidir.

Təlimlər və beynəlxalq təcrübə

Geniş akt zalı və təlim mərkəzinə sahib Yeni Klinikada həmçinin müxtəlif  istiqamətlərdə həm daxili, həm də xarici təlim və tədbirlər keçirilir.

Müəssisənin tibbi və inzibati heyətinin bilik və bacarıqların artırılması məqsədilə cari müddət ərzində 30-dan çox mövzü üzrə 900-dən çox əməkdaşı əhatə edən ixtisasartırma təlimləri həyata keçirilib.

Beynəlxalq istiqamətdə inkişaf edərək bir sıra nailiyyətlərə nail olan tibb müəssisəsində həmçinin TƏBİB-in təşkilatçılığı ilə Azərbaycan və Almaniya həkimlərinin Yeni Klinikada təcrübə mübadiləsi təşkil edilib.

Sosial tədbir və layihələr

Qeyd etmək istəyirik ki, günü-gündən inkişaf edən Yeni Klinika son bir il ərzində müxtəlif sosial layihələr və 17 tədbir həyata keçirməklə medianın diqqətində olmağı bacarmışdır.

“Xəyal Qutusu” layihəsi çərçivəsində şəhid övladı Nuray Şükürzadənin, “ASAN Məktub” sosial proqramı çərçivəsində 26 aztəminatlı ailənin uşaqlarının arzularının reallaşdırılması və “Mərhəmət evi” uşaq sığınacağında olan uşaqların müayinəsinin təşkil olunması tibb müəssisəsinin sosial fəaliyyətinin əsas göstəricisidir.

Tibb müəssisəsində Azərbaycan dövlətinin prioritet istiqamətlərindən olan şəhid ailələri, qazilər, Qarabağ müharibəsi iştirakçıları və gənclərin diqqətdə saxlanılması əsas götürülərək rəhbərlik səviyyəsində işə qəbul olunmuş şəhid ailəsi üzvləri, qazi, Vətən müharibəsi içtirakçıları və gənclərlə daim görüşlər keçirilir.

Qeyd edək ki, Cənubi Qafqazın ən böyük tibb müəssisəsində ötən dövr ərzində Anesteziologiya və reanimasiya, Təcili və təxirəsalınmaz tibbi yardım, Ümumi cərrahiyyə, Əməliyyatxana xidmətləri, Radiologiya, xidmət sayı 400 000 keçən Laboratoriya, Qastroenterologiya, Terapiya, Urologiya, Kardiologiya, Ginekologiya, Neyrocərrahiyyə, Travmatologiya ve ortopediya, Revmatologiya, Endokrinologiya, Nevrologiya və Pulmonologiya şöbələri və poliklinika fəaliyyət göstərməyə başlayıb. Klinikada həmçinin Ürək-damar cərrahiyyəsi, LOR, Pediatriya, Fizioterapiya və reabilitasiya, Nefrologiya, Hematologiya və İnfeksion xəstəliklər şöbələri hazırda yalnız poliklinik olaraq fəaliyyət göstərir.

Ötən ilin iyul ayında cəmi 181 həkim və orta tibbi heyətin çalışdığı mərkəzdə hazırda direktor vəzifəsini icra edən, baş həkim Cavid Paşayevin rəhbərliyi ilə 125-i həkim olmaqla ümumilikdə 350-ə yaxın yerli və xarici təhsil müəssisələrində təhsil alan tibbi heyət fəaliyyət göstərir.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan “Yeni klinika” tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir.

Ümumi sahəsi 100 min kvadratmetrə yaxın və imkanlarına görə tam standartlara cavab verən tibb müəssisəsində 575 xəstə çarpayısı, 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxana mövcuddur.