Yeni tələblər taksi qiymətlərini artıracaq? – AÇIQLAMAbackend

Yeni tələblər taksi qiymətlərini artıracaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda taksi minik avtomobilləri üçün müəyyən edilmiş tələblər açıqlandı. Bunlardan bəziləri avtomobillərin buraxılış tarixi və rənginə, eləcə də texniki göstəricilərinə qoyulan tələblər oldu. Belə ki, buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobillərin taksi kimi fəaliyyətinin məhdudlaşdırılması, ağ və ya qırmızı rəng tələbi, sərnişin daşınmasını bildirən xüsusi cihazın, taksometr və videoregistratorun quraşdırılması və s. bunlardan bəziləridir. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobillərinin ən azı “avro-5” ekoloji standartına uyğun gəlməsi zəruri şərtlərdəndir.

Bəs sözügedən yeniliklərin taksi bazarına təsiri necə olacaq?

NOCOMMENT.az xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli “ölkə.az”a açıqlamasında bildirdi ki, yeni standartların müəyyənləşdirilməsinin taksi bazarına müəyyən təsirləri olacaq: “Lakin irəli sürülən tələblər normal tələblərdir. Dünyanın hər yerində taksinin rəng standartı, taksometr və videoregistrator tələbi olur. Bunlar təhlükəsizlik məsələləridir. Əslində dövlət taksi bazarını tənzimləmək üçün saya müdaxilə etməkdənsə, standartlar müəyyən etməlidir ki, vətəndaşın təhlükəsiz hərəkəti və ətraf mühitin təmizliyi təmin edilsin. Nəticədə əhali keyfiyyətli xidmətləri ilə təmin olunmalıdır. Qiymət və sayla bağlı fikirlər isə lazımsızdır”.

Qoyulan tələblərin qiymətlərə təsirinə gəlincə ekspert deyir ki, buraxılış ili ilə bağlı qoyulan 15 illik limitin bazara əhəmiyyətli təsiri olmayacaq: “Taksi bazarında qiymətlər taksi təklifi aşağı düşdüyü halda yüksələ bilər. Bu tədbirlərin taksi sayına əhəmiyyətli təsir göstərəcəyini düşünmürəm. Taksi provayderləri vəziyyətə adaptasiya oluncaq, öz parklarını dəyişəcəklər”.

X.Kərimlinin sözlərinə görə, son 20-30 ildə taksi fəaliyyəti ilə bağlı ciddi addımlar atılmırdı və azad rəqabət mövcud idi: “Lakin bunun da bir çox problemləri ortaya çıxdı. Taksi fəaliyyəti ilə bağlı standartların müəyyən edilməsi, taksi təklifinə və qiymətlərə təsir edə bilər, lakin güman etmirəm ki, bu, kəskin qiymət fərqlərinə gətirib çıxaracaq. Bazarda rəqabət davam etdiyi müddətdə qiymətlər sərbəst formalaşacaq. Hökumət də birdən-birə bazarı silkələmək əvəzinə, müəyyən qədər təsir edəcək”.