Yeni vergi güzəştləri tətbiq olunacaqbackend

Yeni vergi güzəştləri tətbiq olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində Vergi Məcəlləsinə dəyişikliklər layihəsi müzakirə olunub.

Dəyişikliklərlə məcəlləyə yeni kateqoriya – “texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs” əlavə olunur.

NOCOMMENT xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında dəyişiklikləri şərh edib.

Deputat qeyd edib ki, sahibkarların muzdlu işdən əldə etdiyi aylıq gəlirlərin bir qismi gəlir vergisindən azad olunacaq: “Layihəyə əsasən, texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi həcmində müəyyənləşir.

Bu o deməkdir ki, gələn ildən növbəti 3 il müddətində sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirənlər 8 min manatadək olan gəlir vergidən azad olunacaq. 2026-cı ildən sonra 7 illik müddətində cəmi 5 faizlik gəlir vergisi tətbiq olunacaq.

Digər dəyişikliyə əsasən, sözügedən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən ödənilən dividentdən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmayacaq.

Təklif edilən dəyişikliklərə əsasən, bu sahədə fəaliyyət göstərən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin gəlir vergisindən, hüquqi şəxslər isə mənfəət vergisindən azad ediləcək. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən şəxslərə əmlak və torpaq vergisi sahəsində azadolmalar da tətbiq olunacaq”.

Vüqar Bayramovun qənaətincə, təklif olunan dəyişikliklər sektorun inkişafı baxımdan vacib hesab olunur: “Bunun eyni zamanda yeni xarici investisiyanın cəlbinə də şərait yaradacağı gözlənilir. Layihə komitədə dəstəklənərək Milli Məclisin plenar iclasına tövsiyə olundu. Dəyişikliklərin gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir”.