Yüz minlərlə seçicinin parlamentdə təmsilçisi yoxdur – Təkrar seçki keçiriləcək?backend

Yüz minlərlə seçicinin parlamentdə təmsilçisi yoxdur – Təkrar seçki keçiriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan parlamentində 7 seçki dairəsinin təmsilçisi yoxdur.

Belə ki, 2020-ci ilin fevral ayında keçirilmiş növbədənkənar parlament seçkilərində Mərkəzi Seçki Komissiyası qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Bu dairələr 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd80 saylı İmişli-Beyləqan seçki dairələridir.

Bununla bərabər, 116 saylı Qəbələ seçki dairəsinin deputatı Fəttah Heydərov vəfat etdiyindən həmin dairənin də parlamentdə təmsilçisi yoxdur.

55 saylı Xaçmaz seçki dairəsindən deputat seçilmiş Eldəniz Səlimovun həbs edilməsi və törətdiyi cinayət faktının Apellyasiya Məhkəməsi tərəfindən təsdiqi ilə onun deputat səlahiyyətlərinə də xitam verilib.

50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri təyin edildiyinə görə deputat mandatından imtina etmişdi.

Beləliklə, hazırda Milli Məclisdə 7 deputat yeri boşdur və bununla bağlı həmin dairələrdə təkrar seçkilərin keçirilib-keçirilməyəcəyi sual altındadır.

NOCOMMENT xəbər verir ki, mövzu barədə modern.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, əslində təkrar seçkilər çoxdan keçirilməli idi. Qanuna görə, 6 ay müddətində boş dairələrə təkrar seçkilər elan edilməlidir:

“Müəyyən obyektiv və subyektiv səbəblərə görə VI çağırış parlamentdə təkrar seçkilər baş tutmadı. Bütün hallarda bu, ölkə başçısının sərəncamı ilə həyata keçirilən prosesdir. Məndə olan məlumata görə, ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi də aparılırdı”.

Çingiz Qənizadə xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul olunarkən 82-ci maddəsində Milli Məclisin deputatlarının sayının 125 nəfər olduğu qeyd edilib. Hüquq müdafiəçisinin sözlərinə görə, o zaman 40-42 min seçiciyə bir millət vəkilinin olması nəzərdə tutulurdu:

“Artıq 27 il keçib və Azərbaycan əhalisinin sayı 10 milyon nəfəri ötüb. Hazırda bir deputat 50 mindən çox seçicisi olan bölgəni təmsil etməli olur. Görünür ki, millət vəkillərinin yükü çoxdur. Seçki dairələrinin əraziləri böyükdür. Həm parlamentdə işləmək, nümayəndə heyəti kimi səfərlərdə olmaq, həm də 50 minə yaxın seçicinin müraciətlərinə baxmaq deputatlar üçün çətinlik yaradır.

Hesab edirəm ki, 7 dairədə seçkilərin keçirilməsi əvəzinə, seçki ilə bağlı islahatlara gedilməsinin zamanıdır. Digər dövlətlərin təcrübəsini götürmək lazımdır ki, bir deputat artıq 20-25, maksimum 30 min seçici ilə işləsin.

Seçki ilə bağlı islahatlar aparılacaqsa, majoritar seçki sistemindən proporsional sisteminə keçid təmin olunacaqsa, Konstitusiya islahatlarına ehtiyac olacaq. Mənə elə gəlir, dövlət bu barədə düşünür. Konstitusiya islahatları təxmini bir neçə il gecikəcəksə, indi 7 dairədə seçki keçirilməsi vacibdir. Çünki təxmini 300 min seçicinin parlamentdə təmsilçisi yoxdur. İslahatların isə zamanı çatıb, dövlət bu barədə düşünür və yaxın zamanda rəsmi məlumatların şahidi olacağıq”.