Zaqatalanın “Şimal-Qərb” adlanan yaşayış massivində antisanitar vəziyyət hökm sürür.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Zaqatala rayonunda 2000-ci ildə salınmış, təxminən 1500 ailənin yaşadığı yeni yaşayış massivinin sakinləri mövcud şəraitdən narazıdırlar.
Onlar pis qoxuya görə evlərinin qapı- pəncərələrini aça bilmədiklərini, həmçinin həyət-bacaya həşərat və sürünənlərin daraşdığını deyirlər.
Sakinlər bildirirlər ki, vəziyyətlə bağlı dəfələrlə müxtəlif qurumlara müraciət ediblər, ancaq müsbət nəticəsi olmayıb.
Sakinlərin sözlərinə görə, kommunal-təsərrüfat işçiləri bir çox hallarda zibili bu məqsədlə ayrılmış ərazidən kənara boşaldırlar. Nəticədə vəziyyət daha da pisləşir.
Məsələ ilə bağlı Zaqatala Kommunal Müəssisələr Kombinatının baş mühəndisi Nail Məhərrəmov “Xəzər Xəbər”ə açıqlamasında sözügedən zibil poliqonunun başqa əraziyə köçürüləcəyini bildirib.
Baş mühəndisin sözlərinə görə, yeni ayrılmış ərazidə hazırlıq işləri görülməlidir. Həmin işlər başa çatdıqdan sonra ya bu ilin sonu, ya da gələn ilin əvvəlinədək məsələnin həll olunması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.