Zaur Hüseynov Tağı Əhmədova rəhmət oxutdururbackend

Zaur Hüseynov Tağı Əhmədova rəhmət oxutdurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün metronun “İnşaatçılar” stansiyasında qatarlararası interval 9 dəqiqəyədək artıb.

NOCOMMENT xəbər verir ki, modern.az-ın 08:30 radələrində stansiyada olan əməkdaşının verdiyi məlumata görə, həmin müddətdə platformada sərnişin sıxlığı yaşanıb, hətta 9 dəqiqədən sonra dolu gələn qatara minmək də mümkün olmayıb.

Əməkdaşımızla həmsöhbət olan, adının çəkilməsini istəməyən metropolitenin xanım əməkdaşı bütün bunlarda çalışdığı qurumun rəhbəri Zaur Hüseynovu günahlandırıb. O, pandemiya vaxtı əmək haqlarının kəsildiyini, qurumda 5 nəfərin yerinə 1 nəfərin çalışdırıldığını, alınan yeni qatarların xəttə buraxılmadığını, əməkdaşların 3-5 min manat müqabilində gənc kadr adı ilə işə götürüldüyünü, rəhbər şəxsin öz qohum-əqrabasını İdarə Heyətində müxtəlif vəzifələrə gətirdiyini iddia edib:

“Mən 35 ildir metropolitendə çalışıram. Sədr təyin olunandan Zaur Hüseynovun əməkdaşlarla maraqlandığını, ümumiyyətlə, üzünü görməmişik. Allah Tağı Əhmədovun ölənlərinə rəhmət eləsin”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov səhər saatlarında qatarlararası intervalın artdığını təsdiqləyib: ““İçərişəhər” stansiyasında qatarda texniki nasazlıq ehtimalı olub. Bu səbəbdən maşinist qatara baxış keçirib. Qatarda heç bir nasazlıq aşkar olunmadığından, hərəkəti davam etdirib. Bu, ümumilikdə xətdə 3 dəqiqəyədək gecikməyə səbəb olub. Təbii olaraq da bu gecikmə bütün xətlərə təsir edib. Çünki “28 May”da 2 xətt birləşir. Bu, səhər saatlarında intervalın optimal vaxtına düşdüyündən, belə fərq yaranıb”.

Qurum rəsmisi texniki baxışın metropolitenin fəaliyyətə başladığı 06:00-a qədər həyata keçirildiyini deyib: “Bütün qatarlar xəttə buraxılmazdan əvvəl tam texniki baxışdan keçirilir. Amma hərəkət müddətində də belə xoşagələz halların olması qaçılmazdır, çünki texnikadır”.

Metropoliten rəsmisi xanım əməkdaşın iddiaları ilə bağlı fikirlərin əsassız olduğunu deyib.