Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya və Ukrayna nümayəndə heyətləri arasında əldə olunmuş razılaşmaların İstanbulda həyata keçirilməsinin vacibliyini bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, indi üç il ərzində ən böyük məhbus mübadiləsinə hazırlaşmaq lazımdır. Kiyev və Moskva həmçinin gələcək nizamlanma prosesi ilə bağlı yazılı yanaşmalar mübadiləsi aparmalıdırlar.
Bütün bunları nəzərə alaraq, bundan sonra da müvafiq addımlar atılacaq, deyə diplomat əlavə edib.
Mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son üç ildə ilk birbaşa danışıqlar baş tutub. Rusiyanı prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil ediblər.