Əgər dövlət orqanları satış müəssisələrində yararlılıq müddəti keçmiş məhsul görərlərsə, həmin mağazanı minimum 1500 manat cərimə gözləyir.
Bu sözləri NOCOMMENT.az-a açıqlamasında qida mütəxəssisi Eyyub Hüseynov deyib.
Bir çox malların üzərində yararlılıq müddəti olur. Lakin, bir sıra məhsullar var ki, onların yararlılıq müddəti nəqliyyat taralarının üzərində olur. Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, Azərbaycanın əmtəə bazarında olan bütün ərzaq malları bükülməlidir və onun üzərində istehsal tarixi ilə yararlılıq müddəti qeyd edilməlidir.
Mağazalarda açıq şəkildə satılan şirniyyatlar birmənalı olaraq qanunvericiliyin pozulmasıdır. Yararlılıq müddəti keçmiş bir çox mallar bu şəkildə istehlakçılara satılır.
Dövlətdə istehlakçı siyasətinin zəif olması vaxtı keçmiş belə malların istehlakçılara satılmasına gətirib çıxarır.
Marketlərdə başqa problemlər isə odur ki, ərzaq məhsulları standartlara uyğun olmayan şəraitdə saxlanılır. Mağazalarda elektrikə qənaət etmək üçün bəzən gecələr soyuducuları söndürürlər və ya daha ekonomik rejimə qoyurlar və nəticədə məhsulları kifayət qədər soyutmur.
Mütəxəssis qeyd edir ki, 2 il Qida Təhlükəsizliyi Agentliyində İctimai Şuranın üzvlüyündə olan fəaliyyəti zamanı dəfələrlə soyuducuların monitorinqinin keçirilməsi ilə bağlı məsələ qaldırıb. O, bildirir ki, onun çağırışlarına dövlət orqanları tərəfindən adekvat cavab verilməyib.
“Qidalar risk qruplarına ayrılır. Birinci risk qrupuna tez çirklənən qidalar olaraq, göbələklər, toyuq ətləri, balıqlar daxildir, sonra isə konservləşdirilmiş və digər bu kimi qidalar gəlir.
İnsanlar istənilən qidadan zəhərlənə bilərlər. Çox təəsüflər olsun ki, zəhərlənmələrin statistikası ölkədə tam gizlədilir və ümumdünya göstəricisindən 1400 dəfə az göstərilir. Bu halı Qida Təhlükəsizliyi Ağentliyinin saytında da görə bilərik. Buna görə Azad İstehlakçılar Birliyi iş aparır ki, zəhərlənmələrin statistikasının gizlədilməsinə son qoyulsun. Ölkədə zəhərlənmələrin qeyd olunması alqoritmi müəyyən deyil, bunu kim qeyd edir məlum deyil.
İstehlakçılar qida məhsulları ilə əlaqədar ehtiyyatlı olmalıdırlar. İstehlakçılar məhsul alan zaman istehsal tarixi və yararlılıq müddəti ilə yanaşı onun saxlanma şəraitinə də diqqət etməlidirlər”.
Aişə Əbdülova